Sərkisyan tənqid edildi

"European voice" qəzetində "Son mogikan" (Last of the Mohicans) başlığı altında Ermənistan Prezidenti Serj Sarkisyanı tənqid edən məqalə yayılıb




Trend-in məlumatına görə, Cennifer Rankinin müəllifi olduğu məqalədə Ermənistanda son prezident seçkilərinin ədalətli keçdiyinə şübhə ilə yanaşılır və Sarkisyanın birinci prezidentlik müddəti tənqid edilir.
Belə ki, müəllif Sarkisyanın 59 faiz, Ovaninsyanın isə 37 faiz səs toplamasının məhz rəsmi nəticələr olduğunu qeyd edir, "Transparency International" kimi müşahidəçilərdə isə seçkilərin saxtalığı haqqında sübutların olduğunu bildirir.
Məqalədə bildirilir ki, aprel ayında beynəlxalq seçki missiyası tərəfindən seçkilər üzrə yekun hesabatın qeyri-qənaətbəxş olması gözlənilir.
Müəllif Sarkisyanın birinci prezidentlik müddətinin əvvəlində, 2008-ci ilin mart ayında olan problemlər, saxtakarlığa qarşı keçirilən mitinq zamanı 10 nəfərin öldürülməsi, fövqəladə vəziyyətin elan olunması, ictimai görüşlərin qadağan olunması haqqında danışır.
Müəllif Ermənistanın əhalisinin üçdə birinin artıq yoxsulluq həddindən aşağı yaşayan, yoxsul və dənizə çıxışı olmayan bir ölkə olduğunu bildirir, dörd sərhədindən yalnız ikisinin - Gürcüstan və İran ilə - açıq, Türkiyə və Azərbaycan ilə isə sərhədlərin bağlı olduğunu vurğulayır.
"Transparency International" təşkilatının Ermənistan ofisinin başçısı, seçkilər üzrə ekspert Varujan Hoktanyan bildirib ki, bir çox insan Sarkisyanın iqtisadi siyasəti ilə məyus olub, çox ciddi narazılıq var, 250 min nəfər (3,1 milyon əhalisi olan Ermənistan) Serj Sarkisyanın prezidentliyi dövründə ölkəni tərk edib.
Sarkisyan üçün milli maraq Rusiya və Avropa İttifaqı ilə yaxşı münasibətlərin qurulması deməkdir, 2008-2009-cu illərdə Türkiyə ilə "futbol diplomatiyası" vasitəsilə münasibətlərin istilənməsinə dair cəhd edib, lakin Türkiyə lazımi protokolları ratifikasiya etməyib.
Məqalədə Sarkisyanın Stepanakert şəhərində anadan olmasına, Azərbaycanca sərbəst danışmasına və Azərbaycan dostları ilə böyüyüb yetişməsinə baxmayaraq, zəruri hallarda Ermənistanın Dağlıq Qarabağ üçün yenidən mübarizə aparmağa hazır olacağını bildirdiyi qeyd olunub.
"Yerevanda regional araşdırmalar mərkəzinin direktoru Ricard Qirokasyan Dağlıq Qarabağ klanı üçün zamanın bitdiyini bildirir, Sarkisyanı Dağlıq Qarabağ elitasının sonuncu nümayəndəsi adlandırır və Ermənistanda siyasətdə millətçi elementinin seçicilər tərəfindən artıq qəbul olunmasını vurğulayır", - məqalədə deyilir.

AzNews.az