- Köhnə - Region
- 25 Aprel 2013 08:58
- 3 421
“Qızılgül” ləqəbli Saakaşvili- Siyasi tablo
Gürcüstanda hamının “Mişa” kimi tanıdığı prezidentin həyat yoluna baxış
Gürcüstan prezidenti Mixail Saakaşvilini "qızılgül" prezidenti də adlandırırlar. İnqilabi proseslər zamanı qızılgülün meydana gətirilməsinin kimin ideyası olması bilinməsə də, Saakaşvili həmin hadisələrdən sonra məşhurluğunun zirvəsinə çatdı.
Bəziləri iddia edir ki, qızılgülün simvol kimi seçilməsi Saakaşvilinin həyat yoldaşına sevgi mesajıdır. Bəziləri isə iddia edir ki, Saakaşvili sadəcə olaraq bu yolla Corc Buşun xoşuna gəlməyə çalışıb.
Gürcüstanda hamı ona sadəcə "Mişa" deyir. Saakaşvili soyadı ona o qədər də uğur gətirməyib. Bəzilərinin sözlərinə görə, Saakaşvili soyadında erməni kökləri var və o bunu hamıdan gizlətdir. "Bizim əslimizin gedib ermənilərə çıxdığını deyənlər çoxdur. Ancaq əslində bu çox yalnış informasiyadır. Biz erməni deyilik". Bu sözləri Mixailin qardaşı David Saakaşvili deyib.
Hazırda Saakaşvili hollandiyalı Sandra Rulofs adlı xanımla evlidir və 2 oğul atasıdır. Saakaşvili gürcü, ingilis, fransız, rus, ukrayna və ispan dillərində sərbəst danışa bilir.
Mixael və ya sadəcə "Mişa"
Mixail Saakaşvili 21 dekabr 1967-ci ildə Tiflis şəhərində anadan olub. Ziyalı ailəsində böyüyüb. Atası həkim, anası isə tarixçi olub. Mixail dəfələrlə müsahibəsində bildirib ki, atasının onları tərk etməsinə baxmayaraq, o həmişə atasını çox sevib. Saakaşvili qardaşlarının bir-birinə olan sevgisi isə bütün Gürcüstanda məşhurdur.
Məktəbdən sonrakı həyatı
Saakaşvili məktəbi bitirdikdən sonra həmin dövr üçün çox nüfuzlu sayılan Kiyev Dövlət Universitetinə daxil olur. O illəri xatırlayan Saakaşvili tələbəlik illərində hökumət tərəfindən nəzarətə alınmasında ukraynalı dostlarını günahladırır.
Ancaq mükəmməl savadı və dissident ruhu onun irəli getməsinə çox böyük kömək edib. 1993-cü ildə Strasburq Universitetində əldə etdiyi uğur onun həyatında böyük dəyişikliklərə imza atıb. Məhz bu universitetdə Saakaşvili gələcək həyat yoldaşı ilə tanış olur. Daha sonra o Amerikada təhsil almaq barədə qəti qərara gəlir. Amerikada Saakaşvili özünün də dediyi kimi həyatını tamamilə dəyişən bir təhsil alır. Burada o magistr və doktorluq dərəcəsinə yiyələnir.
Onun üçün həyatnın ən önəmli dönəmi
Deyilənlərə görə, məhz Amerikada Mixail Saakaşvili Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadze ilə tanış olur. Onların 1995-ci ildə Amerikadakı görüşü Saakaşvilinin siyasi həyatında dönüş nöqtəsi yaradıb. 1995-ci ildə Saakaşvili doğma vətəninə qayıdır və Gürcüstan parlamentinin deputatı seçilir. Gürcüstan parlamentinin demokratiyadan uzaq olduğunu görən Mixail bir sıra dəyişkilik etməyi planlaşdırır. Saakaşvilin uğurlu fəaliyyəti nəticəsində 1990-cı illərin ortalarında Almaniyadan gətirilən test və xüsusi imtahan suallarının nəticəsində ölkə parlamentində böyük kadr islahatları həyata keçirilir. Testdən keçməyən vəzifə sahibləri birdəfəlik işdən çıxarılırlar.
Onun hərəkətləri mediada birmənalı qarşılanmırdı. Hətta onun psixi problemlərinin olduğu barədə sərt yazılar da yazılırdı.
2000-ci ildə Eduard Şevernadzenin Saakaşvilini Ədliyyə naziri təyin etməsi ilə onun siyasi həyatında böyük dəyişikliklər yaranmağa başlayır. Həmin dövrdə Gürcüstanın əsas problemlərindən biri də ölkə həbsxanalarında kütləvi şəkildə məhkumların qaçışı məsələsi idi. Amma Saakaşvili bu problemi də yoluna qoymağı bacarır. Belə ki, o, Gürcüstanda yerləşən bütün həbsxanaları təmir etməklə və məhkumlara xüsusi şəraiti yaratmaqla həbsxana həyatında inqilab etməyə nail olur.
Bir müddət sonra isə medianın gözü qarşısında narkotiklərdən tam uzaq olduğunu sübut etmək məqsədi ilə qan analizi verir və həmkarlarını da eyni analizi verməyə səsləyir. Həmkarlarının narkomaniyadan əziyyət çəkdiyini sübut etmək istəsə də bu arzusunu reallaşdıra bilmir. Bunu görən Saakaşvili rüşvətxorluqla mübarizəyə başlayır. Korrupsiya ilə mübarizədə çoxları tərəfindən tənqidlə qarşılanan Saakaşvili öz postunu təhvil vermək qərarına gəlsə də, siyasətdən tamamilə uzaqlaşmaq istəmir.
Lakin həmin dövrdə Gürcüstanda fəaliyyət göstərən heç bir partiya onun siyasi maraqlarına uyğun olmadığından Saakaşvili bir müddət durğunluq dönəmi yaşayır. Daha sonra o özünün partiyasnı yaradır. "Milli hərəkat" adlanan bu partiya Gürcüstanda qısa müddət ərzində populyarlaşır.
2003-cü ildə parlament seçkilərində məğlubiyyətindən sonra Saakaşvili və tərəfdarları əllərində qızılgül Tiflis küçələrində mitinqlərə başlayır. Mitinqlərə məhz qızılgül ilə çıxlması ona böyük uğur gətirir. Bu inqilab Gürcüstanda böyük dəyişikliklər və Şevernadzenin hakimiyyətdən uzaqlaşması ilə yadda qalır. Bu dəyişikliklərdən düz bir il sonra Gürcüstanda keçirilən prezident seçkilərində 96,4% səs çoxluğu ilə Mixail Saakaşvili Gürcüstanın yeni prezidenti seçilir.
Daxili siyasət
Prezident postuna gələn Mixail saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb.
Parlament seçkilərində məğlubiyyəti
2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf edərək, müxalifətə keçdiyini elan edir. Onun bu etirafı ölkədə sakit qarşılanmasa da, Saakaşvili məsələyə əlavə şərh verilməyəcəyini bildirmişdi.
Oktyabrın 2-si Bidzina İvanişvilinin təmsil etdiyi partiyanın qalib gəlməsi ilə İvanişvili illər öncə qətlə yetirilən Jurab Jvaniyanın ölümünün araşdırılmasına göstəriş verdi. Onun bu göstərişindən sonra qeyri-rəsmi məlumatlara görə, Saakaşvilinin ətrafındakı vəzifəli şəxslər ölkəni tərk etməyə başladılar. iddialara görə, buna səbəb onların həmin qətldə əllərinin olması idi. İvanişvilinin bu il baş nazir seçilməsi ilə də ölkədə bir sıra dəyişiriklərə imza atıldı. Bəzi ekspertlər Saakaşvili ilə Bidzina İvanişvili arasında soyuq müharibə getdiyini istisna etmirlər.
Prezidentlik dövrünün sonu
Gürcüstan Konstitusiyasına görə Gürcüstanda prezident hər 5 ildən bir seçilir. Mixail Saakaşvilinin prezidentlik dövrü 2013-cü ilin yanvarında bitsə də, o hələ də prezident olaraq qalır. Səbəb isə 2010-cu ildə ölkə Konsititusiyasına edilən dəyişiklik olub. Belə ki, dəyişkiliyə görə, prezident hər 5 ildən bir seçilir, lakin seçkilər qışda deyil oktyabr ayında baş tutur. Ona görə də, Saakaşvilinin prezidentlik müddəti oktyabra qədər uzadılıb.
Aynur Hüseynova
AzNews.az