70 min nəfər Rusiyadan deportasiya olundu

Son 3-4 ildə Rusiya qanunlarını pozduğuna görə 70 min əmək mühaciri deportasiya olunub

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) sədri Konstantin Romodanovski bildirib.

Onun sözlərinə görə, Rusiya qanunlarını pozduğuna görə, 70 min nəfərin ölkəyə girişinə qadağa qoyulub: "2012-ci ildə bu rəqəm 55 min nəfər idi. Mən xidmətə sədrlik etdiyim müddətdə Rusiyaya girişinə qadağa qoyulan şəxslərin əfv edilməsindən söhbət gedə bilməz. Vağzallarda insanlarımızın nələr çəkdiyini bir Allah bilir".

K. Romodanovski hal-hazırda Rusiyada 10,8 milyon mühacirin olduğunu söyləyib: "Onlardan 3,2 milyon nəfərinin işləmək üçün qanuni icazəsi var. 3,7 milyon nəfər isə sağlamlıq, təhsil və digər səbəblərdən Rusiya ərazisində yaşayırlar. 3 milyondan çox əmək mühaciri isə Rusiya ərazisində qanunsuz yaşayır və işləyirlər".

FMX rəhbəri qanunsuz miqrasiyaya mübarizədə adi Rusiya vətəndaşlarının da quruma kömək etdiyini bildirib: "Bu gün adi vətəndaşlar bizə küçədə gördükləri qeyri-ruslar barədə məlumata verirlər. Bu bizə qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaqda çox kömək edir".

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiya Belarus və Qazaxıstan istisna olmaqla digər MDB ölkələrinə pasport rejimi tətbiq edəcək. İndiyə kimi daxili pasportla Rusiyaya gələ bilən Ukrayna, Orta Asiya və digər MDB ölkələri 2015-ci il yanvarın 1-dən Rusiya ərazisinə yalnız xarici pasportla buraxılacaqlar. FMX-nın məlumat bazasında Rusiya ərazisində olan mühacirlərin əsas hissənin Ukrayna, Özbəkistan, Tacikistan, Azərbaycan, Qırğızıstan və Moldovadan olduğu bildirilib.

AzNews.az