Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Bakıda Türk dövlətlərinin maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsinə həsr olunmuş fintex forumu keçirilir.

Aznews.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi və Türk Dövlətləri Fintex Alyansının (TURKFIN) iştirakı ilə təşkil olunan tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın maliyyə və bank sektorlarının nümayəndələri qatılıblar.

Forumun açılışında Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulub.

Tədbir çərçivəsində rəqəmsal ödənişlərin gələcəyi, ortaq tənzimləmə yanaşmaları, yeni nəsil ödəniş texnologiyaları və regional əməkdaşlıq imkanları müzakirə olunacaq.

Forumun sonunda şirkətlər arasında ikitərəfli biznes görüşləri (B2B) keçiriləcək.