Türkiyədə polislə etirazçılar arasında toqquşmalar oldu

İstanbul polisi ötən gecə Taksim meydanında 10 minədək iştirakçısı olan hökumət əleyhinə aksiyanı yatırarkən 20-dək etirazçı saxlanılıb.

APA-nın məlumatına görə, aksiya iştirakçıları iyunun 28-də əhalisinin əksəriyyətini kürdlər təşkil edən Diyarbəkirdə jandarmalarla toqquşmalar zamanı bir nəfərin ölməsi və 10-dan çox insanın yaralanması ilə bağlı hökumətə etiraz bildiriblər.

Taksim meydanındakı Müstafa Kamal Atatürkün heykəlini əhatəyə almış polis bir neçə dəfə etirazçıları dağılmağa çağırdıqdan sonra aksiya iştirakçılarını ərazidən qalxanlar vasitəsilə sıxışdırmağa başlayıb. Məlumata görə, polis etirazçılara qarşı bu dəfə su şırnağı və gözyaşardıcı istifadə etməyib.

Ankarada isə polis Qızılay meydanına razılaşdırılmamış yürüş edən yüzlərlə aksiya iştirakçısını dağıtmaq üçün su şırnağından istifadə edib. Orada da saxlanılanların olduğu bildirilir.

Bundan başqa, İraq sərhədi yaxınlığında yerləşən Yüksəlova şəhərində etirazçılarla polis arasında toqquşmalar baş verib. Kürdyönümlü Sülh və Demokratiya Partiyasının üzvləri də daxil olmaqla 1000-dək etirazçı bələdiyyə binasının qarşısında toplaşaraq Dıyarbəkirdəki hadisələrlə bağlı bəyanatı elan edib. Bundan sonra bir qrup ekstremist bələdiyyə binasına daş və fişəng atmağa başlayıb. Polis qaz və su şırnağından istifadə etməklə aksiyanı yatıra bilib.

İzmir, Adana və Antalyada keçirilmiş etiraz aksiyaları insidentsiz ötüşüb.


AzNews.az