Abbas Abbasov: “İmkan verməməliyik ki, nüfuzumuza xələl yetirsinlər”

Ağsaqqallar Şurasının sədri azərbaycanlıların bir-birini öldürməsindən danışdı


"Kim təbii ölümü ilə ölürsə, biz buna təəssüflənirik və bunu Allahın qisməti hesab edirik. Ancaq biz heç kəsə Rusiyadakı siyasi-ictimai stabilliyi pozmağa imkan verə bilmərik". Bunu Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov qurumun Federal Şurasının son iclasında Rusiyadakı kriminal vəziyyətə diqqət çəkərkən bildirib.

Təşkilatın mətbuat xidmətinin yaydığı məlumata görə, Abbas Abbasov Rusiyada azərbaycanlıların bir-birini öldürməsini faciə adlandırıb:

"Bizim millətin nümayəndələri bir-birini öldürürsə, narkotikdən istifadə edir və ya onu yayırsa, bu faciədir və bizim hamımız üçün utancdır. Əgər biz özümüz buna qarşı mübarizə aparmasaq, bizə heç kəs kömək etməyəcək. Bilməliyik ki, bizim ictimai təşkilatlar bu problemlərə qarşı mübarizə aparırlarmı? Ağsaqqallarla görüşlər keçirilməlidir, xüsusilə gənclərlə iş aparılmalıdır. Azərbaycanlıların ictimai təşkilatları ilə əlaqəsi olmayan ayrı-ayrı şəxslərin təxribatına qarşı mübarizə aparmaq lazımdır. Biz onlara imkan verməməliyik ki, cəmiyyətdəki nüfuzumuza xələl yetirsinlər".

Azərbaycanlıların hər yerdə davranışına diqqət yetirməyə çağıran Abbas Abbasov "Bazarlarda, vağzallarda, aeroportlarda - hər yerdə həmvətənlərimizin davranışlarına təsir etməliyik. Unutmayaq ki, bizim qədim mədəniyyətimiz var" - deyə vurğulayıb.

Elnarə
AzNews.az