İran Nizaminin Romadakı heykəlinə qarşı

İtaliyanın paytaxtı Romada yerləşən "Villa Borgeze" parkında dahi Azərbaycan şairi, Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin abidəsi İranı qıcıqlandırıb.

Qısqanclığa səbəb isə heykəlin üzərində Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bildirən yazının yerləşdirilməsidir.

İran mediası bunu səhv məlumat kimi qeyd edib. Modern.az saytının məlumatına görə, İranın İSNA xəbər agentliyi Romada Nizaminin səhvən Azərbaycan şairi kimi təqdim olunduğunu bildirib. Xəbərə görə, İtaliyada yaşayan iranlılar və bir sıra Roma sakinləri Roma bələdiyyəsindən heykəlin üzərindəki yazıda dəyişiklik edilməsini tələb etmək üçün imza toplayırlar.

Xatırladaq ki, Nizami Gəncəvinin "Villa Borgeze" parkındakı heykəlinin açılışı bu il aprelin 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə olub.

Bu, Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən, ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutub.

Romada sözügedən abidənin ucaldılması Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyinin yaxından iştirakı ilə həyata keçirilib.
Abidənin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.

Romadakı "Villa Borgeze" parkında görkəmli ictimai xadimlərə, böyük şairlərə, yazıçılara heykəllər qoyulur. Orada Qoqol, Rustaveli, Sədi, Firdovsi kimi dahi şairlərin də heykəllər var.

AzNews.az