Azərbaycanlı fəal azadlıqda

İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb.

Həsən Ərk sentyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. 2012-ci ilin dekabrın 9-da həbs edilmiş azərbaycanlı fəal 9 ay məhbəs həyatı yaşayıb. Ancaq bu müddət ərzində həbsxana rəsmilərinin məsuliyyətsizliyindən yalnız həbs cəzasının sonunda bir dəfə izn hüququndan istifadə edə bilib.

Qeyd edək ki, H. Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal bir il həbs cəzasına məhkum edilib.

Bundan əvvəl H. Ərk "GünAzTV"yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda günahlandırılaraq 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldığı müddətdə həmin cəza icraya qoyulub. Lakin H. Ərkin səhhəti, yəni bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkməsi şallaq hökmünün yerinə yetirilməsinə mane olub. Euni zamanda azərbaycanlı fəal Yeni GAMOH üzvlərinə dəstək məqsədilə bir müddət aclıq aksiyası da keçirib. H. Ərk nəşrinə qadağa qoyulmuş "Şəms-e Təbriz" ("Təbrizin günəşi") qəzetinin redaksiya heyətinin üzvü olub.(apa)

AzNews.az