“İran Qərbin narahatlığını aradan qaldırmağa hazırdır“

"İran nüvə məsələsilə bağlı Qərbin narahatlığını aradan qaldırmağa hazırdır". APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, İran nüvə məsələsinin həllini qarşısına məqsəd qoyub: "İranın nüvə məsələsinin süni xarakter daşımasına baxmayaraq, rəsmi Tehran Qərbin narahatlığını beynəlxalq qanunlar çərçivəsində aradan qaldırmağa hazırdır. Biz İranın nüvə məsələsinin qarşılıqlı fayda prinsipi formasında həll olunmasını istəyirik. Ancaq İranın bu qərarı nüvə texnologiyasından dinc məqsədlər üçün yararlanmaq mövzusundan geri addım atması kimi başa düşülməməlidir. İran milli mənafeyi çərçivəsində daha əvvəl görüşlər keçirdiyi kimi bundan sonra da müzakirələrə hazırdır".

Ə.Salehi deyib ki, İran xalqı Tehranla müzakirə masasına oturacaq qarşı tərəfdən öz haqlarına hörmətlə yanaşmasını gözləyir: "Bu istiqamətdə Nüvə silahlarının yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü İranın nüvə enerjisindən faydalanmaq haqqının rəsmi şəkildə tanınmasını gözləyir".

AzNews.az