Məhəmmədbağır Qalibaf yenidən mer seçildi

İran prezidentliyinə keçmiş namizəd yenidən Tehran şəhərinin meri seçilib.

Tehran İslami Şəhər Bələdiyyə Şurasının üzvlərinin sentyabrın 8-də keçirilmiş iclasında Məhəmmədbağır Qalibaf ardıcıl üçüncü dəfə bu vəzifəni icra etməyə layiq görülüb. Tehran Şəhər Bələdiyyəsinin sədri uğrunda M. Qalibafa Möhsün Haşimi rəqib olub. Nəticədə səsvermə iki mərhələdə keçirilməli olub. Belə ki, ilkin səsvermə zamanı Tehran İslami Şəhər Bələdiyyə Şurasının 31 üzvündən 15-i M. Qalibafa, 15-i M. Haşimiyə səs verib, 1 nəfər isə bitərəf qalıb. Ancaq ikinci turda M. Qalibaf Tehran İslami Şəhər Bələdiyyə Şurasının üzvlərinin 16-nın səsini qazanaraq növbəti dəfə Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib.

Qeyd edək ki, 51 yaşlı M. Qalibaf "Ədalət və İnkişaf" və ya "2+1" seçki koalisiyasından prezident seçkilərində iştirak edib. Ancaq iyunun 14-də keçirilmiş seçkilərdə 6 milyon 77 min 292 səs toplayaraq ikinci olub. M. Qalibaf 2005-ci ildə keçirilmiş prezident seçkilərində də iştirak etməsinə baxmayaraq, kifayət qədər səs qazana bilməmişdi. Tehran Universitetinin "Siyasi coğrafiya" fakültəsində doktorantura təhsili alan M. Qalibaf İran Nizam-İntizam Qüvvələrinin, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanlarındandır. O, 2005-ci il sentyabrın 4-də Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib. 2007-ci ilin sentyabrında yenidən 4 il müddətinə bu vəzifəsində qalıb.(apa)

AzNews.az