Xeyli siyasi məhbus azadlığa buraxıldı- İranda

İranda onlarla tanınmış siyasi məhbus sentyabrın 18-də azadlığa buraxılıb.

APA-nın "Kələmə" saytına istinadən verdiyi məlumata görə, onların arasında jurnalistlər və qadınlar da var.

Məhəmməd Xatəminin prezidentliyi dönəmində ticarət nazirinin müavini işləmiş və Tehranın Evin həbsxanasında məhbusluq dövrünü keçirmiş Feyzullah Ərəbsərxi də azadlığa buraxılıb. O, iki həftə əvvəl əməliyyat olunub və hazırda İmam Xomeyni xəstəxanasındadır.

Bundan başqa, hüquq müdafiəçisi, vəkil Nəsrin Sütudə də azadlığına qovuşanlar sırasındadır. Onun həyat yoldaşı Rza Xəndan da xəbəri təsdiqləyib. N. Sütudə 2010-cu ildə milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və hüquq müdafiə təşkilatlarına üzvlükdə təqsirləndirilərək, 6 il azadlıqdan məhrum edilib, 20 il vəkillik fəaliyyətinə və 20 il ölkədən çıxmasına qadağa qoyulub.

Məhbubə Kərəmi və Məhsa Əmirabadi də həbslərinin bitməsinə bir neçə ay qalmış şərti olaraq azadlığa buraxılıblar.

Bundan əlavə, qadın siyasi məhbuslardan Məryəm Cəlili, Mitra Rəhməti, Fərəh Vazehan, Jila Məkundi və Kifayət Malik Məhəmmədi də Tehranın Evin həbsxanasından şərti azadlığa buraxılıblar.

Bu xəbəri İranın İSNA xəbər agentliyi də təsdiqləyib.

Bəzi xəbər saytları isə "Nigar" qəzetinin müxbiri İsa Səhərhiz, M. Xatəminin dönəmində xarici işlər nazirinin müavini işləmiş Möhsün Eminzadə və VI dövr İran parlamentinin deputatı olmuş Mirtahir Musəvinin də sərbəstliyinə qovuşduğunu yazsa da, xəbər hələlik təsdiqini tapmayıb.

Bundan başqa Hüseyn Zərini, İbrahim Babayi və Suğra Aləmnejadın da azadlığa buraxıldığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, bu şəxslər İranda 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra həbs edilərək müxtəlif cəzalara məruz qalıblar.

AzNews.az