Suriyada aləm qarışdı

Suriyanın şimal-şərqində "Əl-Qaidə" terror təşkilatına bağlı iki qruplaşma – "İraq və Suriya İslam Dövləti" və "Əl-Nusra Camaatı"nın silahlıları arasında döyüş başlayıb.

"İraq və Suriya İslam Dövləti" və "Əl-Nusra Camaatı" arasında döyüşlərin müxalif Suriya Azadlıq Ordusu və "İraq və Suriya İslam Dövləti" arasında barışıq elan olunması fonunda başlaması da diqqət çəkir.

Suriya Azadlıq Ordusu və "İraq və Suriya İslam Dövləti" arasında Türkiyə ilə sərhəddəki Azaz şəhəri uğrunda bir neçə gün davam edən döyüş olub. Barışıq elan olunandan sonra "İraq və Suriya İslam Dövləti"nin döyüşçüləri Şehadi şəhərində "Əl-Nusra Camaatı" qruplaşmasının qərargahını ələ keçirib.

Qeyd edək ki, "Əl-Nusra Camaatı" "Əl-Qaidə" lideri Ayman az-Zavahiriyə sədaqət andı içsə də, "İraq və Suriya İslam Dövləti" bundan imtina edib.

Bu arada Suriya Azadlıq Ordusunun İdlib əyalətində "İraq və Suriya İslam Dövləti"nin mövqelərinə hücum çəkdiyi xəbəri yayılıb. Suriya Azadlıq Ordusu bunu "İraq və Suriya İslam Dövləti"nin vədinə xilaf çıxaraq əsirləri azad etməməsi ilə əlaqələndirib. Döyüş nəticəsində "İraq və Suriya İslam Dövləti"nin İdlibdəki qrupunun rəhbəri Əbu Abdulla əl-Libi və 12 döyüşçüsü öldürülüb.(lent.az)

AzNews.az