Filosof və psixoloq olan subay prezident

Gürcüstanın yeni prezidenti Georgi Parmenoviç Marqvelaşvili 1969-cu il sentyabrın 4-də Tiflisdə dünyaya gəlib.

Ali təhsilinə görə filosof olan yeni prezident Gürcüstanda 2000-2006 və 2010-2012-ci illərdə İctimai İşlər İnstitutunun rektoru, 2012-2013-cü illərdə isə elm və təhsil naziri olub.

"Gürcü arzusu"nun prezidentliyə namizədi olan G.Marqvelaşvili keçmiş partiya işçisinin ailəsində dünyaya gəlib.

1992-ci ildə Tbilisi Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirən prezident daha sonralar təhsilini Mərkəzi Avropa Universitetində bu dəfə sosiologiya üzrə davam etdirib.

Fəlsəfə elmləri doktoru olan G.Marqvelaşvili əmək fəaliyyətinə turist firmasında başlayıb. Dağ turizmi üzrə ixtisaslaşan şirkətdə çalışan gənc kadr daha sonra nəşriyyatda menecer assistenti olub. 1994-1995-ci illərdə bir şirkətdə marketinq departamentinin rəhbəri olan gələcək prezident daha sonra fəaliyyətini təhsil sektorunda davam etdirib.

1996-1997-ci illərdə Tbilisidəki müstəqil universitetdə öz istisası üzrə dərs deyib. 1995-2000-ci illərdə Milli Demokratiya İnstitutunda proqram məsləhətçisi kimi çalışıb. Təhsil sahəsindəki fəaliyyətində ilə institut rektoru vəzifəsinə qədər yüksələn Marqvelaşvili 2012-i ildə Bidzina İvanişvilinin kabinetində təhsil naziri vəzifəsinə irəli çəkilib.

Heç bir siyasi partiyanın üzvü olmayan G.Marqvelaşvili 2013-cü il fevralın 7-də hökumətdə baş nazirin müavini postunu tutub. Bu il mayın 11-də "Gürcü arzusu" koalisiyası prezident seçkilərində onun namizədliyini irəli sürüb.

İyulun 16-da o, nazir vəzifəsindən istefa verərək seçki kompaniyası dövründə qeyri-bərabər resurslardan istifadəyə dair ittihamların qarşısını almağa çalışıb. Bununla belə baş nazirin müavini postunda qalıb.

G.Marqvelaşvili siyasət, beynəlxalq münasibətlər, mədəniyyət və fəlsəfəyə dair bir sıra elmi məqalələrin müəllifi kimi də tanınınr.
Gürcüstanın yeni prezidenti hələlik subaydır.

Elnur
AzNews.az