Türkiyənin Moskvadakı səfirliyinə hücum planı; Kamikadze saxlanıldı


Rusiyada Türkiyənin Moskvadakı səfirliyinə hücum hazırladığı iddia edilən kamikadze saxlanılıb.


AzNews.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, məqsəd iki ölkə arasında əlaqələri pozmağa yönəlib.

Qəzetin yazdığına görə, Dağıstan mənşəli, soyadı Bremov olan 30 yaşlı terrorçu oktyabr ayının ortalarında Stavropol şəhərinə gəlib. Özünü şübhəli aparan şəxs hava limanına yaxın köhnə evdə yaşayıb. Qonşuların sözlərinə görə, 31 oktyabrda onun yaşadığı evə polis basqın edərək axtarış aparıb. Evdən canlı bomba "jileti", çox sayda qida və paltar tapılıb.

Təhlükəsizlik xidmətinin əməkdaşı olan mənbə qəzetə açıqlamasında bildirib ki, kamikadze istintaqda Moskvaya gedərək Rostovski küçəsində yerləşən Türkiyə səfirliyinə intihar hücumu düzənləməyi planlaşdırdığını etiraf edib.

Hadisə ilə bağlı "Ria Novosti" xəbər agentliyinə müsahibəsində istintaq orqanının əməkdaşı da 31 oktyabrda Rusiyanın cənubundakı Stavropol şəhərində tutulan bir nəfərin üzərində bomba jileti olduğunu və hədəfində Türkiyənin Moskvadakı səfirliyi olduğunu iddia edib.
Rusiya Daxili İşlər Nazirliyi Stavropol Region Təhlükəsizlik Müdirliyi hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.

Müdirlik sadəcə noyabrın 1-də yaydığı açıqlamada bölgədə üzərində "şəhid kəməri" olan bir nəfərin göz altına alındığını bildirmişdi.

Elman
AzNews.az