“Suriyadakı vəziyyətdən ən çox Türkiyə əziyyət çəkir“

Suriyadakı hər cür şiddət Türkiyə üçün bir təhdiddir. Trend-in verdiyi məlumata görə, bunu İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

İraq səfəri çərçivəsində həmkarı Hüşyar Zibari ilə görüşən Ə.Davudoğlu bildirib ki, Türkiyə ilə İraq Suriyadakı vəziyyətdən ən çox ziyan görən ölkələrdir: "Hazırda Türkiyədə 700 min suriyalı qaçqın var. Bu gün Suriyadan kimyəvi silahdan qaçan, raket zərbələrindən qaçan, bombardmanlardan qaçan qardaşlarımıza qucağımızı açmışıq".

Nazir qeyd edib ki, Dəməşqdə və digər yerlərdə hər hansı bir şey tapmadığı üçün hətta heyvan leşi yemək məcburiyyətində qalan qardaşlarımıza, bütün suriyalılara yardım etmək bizim borcumuzdur:

"Suriyadakı xaosdan öz məqsədləri naminə istifadə etmək istəyən qruplar həm Türkiyə, həm də İraq üçün eyni dərəcədə təhlükə doğururlar. Ən böyük təhdid bu qrupların yaranmasına səbəb olan Suriya rejimidir".

AzNews.az