“Maydan” atəşkəsə “hə” dedi


Bir neçə dəqiqə əvvəl "Maydan" Şurasının iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, "Maydan" Şurası hakimiyyətlə müxalifət arasında razılaşmanın sənədinin imzalanması müsbət razılıq verib.

Lakin, Şura sabiq daxili işlər naziri Vitaliy Zaxarçenkonun və Baş Prokuror Viktor Pşonkanın yeni müvəqqəti hökumətdə təmsil olunmasının əleyhinə olduğuna dair qərar verib.

Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri arasında imzalanan sənədə əsasən, ölkədə növbədənkənar prezident seçkilərinin 2004-cü il Konstitusiyasının müddəaları əsasında keçirilməsi nəzərdə tutulub. Bu Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinin bir hissəsi parlamentə verilir.

Razılaşmaya əsasən, müvəqqəti hökumət 10 gün ərzində formalaşdırılmalıdır. Prezident seçkiləri isə 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməlidir. Buna qədər isə parlament Mərkəzi Seçki Komissiyasının yeni tərkibini seçməlidir.

Anlaşmaya görə, ölkədə xüsusi vəziyyət – komendat saatı ləğv edilməli, hökumət qüvvələrinin silahdan istifadəsinə qadağa qoyulmalı, baş verənlərlə bağlı təhqiqat hər iki tərəfin nümayəndələrinin iştirakı həyata keçirilməlidir. Həmçinin, Ali Rada aksiyalar zamanı saxlanılan müxalifət nümayəndələri barədə amnistiya qanunu qəbul etməlidir. Bundan başqa tərəflər hökumət binalarının, yolların, meydanların boşaldılması istiqamətində də birgə səylər göstərməli, qanunsuz silahların yığılması prosesinə başlanılmalıdır.

Məhəmməd
AzNews.az