- Köhnə - Region
- 21 Fevral 2014 21:33
- 4 883
Səudiyyə Kralı Bilal Ərdoğana 200 milyon TL verib - IDDIA

Türkiyənin Odatv.com saytı təsisçiləri baş nazir Rəcəb Tayyib Ərdoğanın ailə üzvlər olan TÜRGEV vəqfi ilə bağlı araşdırma aparıb. Yada salaq ki, 17 dekabr Böyük Rüşvət əməliyyatından bir neçə gün sonra Türkiyə mediasında baş nazirin oğlu Bilal Ərdoğanın İdarə Heyətinin üzvü olduğu vəqflə bağlı çox ilginc xəbərlər yer almışdı. Xəbərlərdə iddia edilirdi ki, 17 dekabr əməliyyatında saxlanan İstanbulun Fateh bölgəsinin bələdiyyə başqanına qarşı sürülən ittiham Bilal Ərdoğanla bağlıdır.
Daha dəqiqi, bələdiyyə başqanı dövlət vəsaiti ilə tikilən 25 milyon dollarlıq binanı Bilal Ərdoğanın TÜRGEV vəqfinə heç bir qarşılıq olmadan 25 illiyinə icarəyə verməklə korrupsiyaya yol verməkdə ittiham olunurdu. Ancaq az sonra məsələnin üstü qapadıldı. Baş nazir Ərdoğan isə çıxışlarından birində həmin müəssisə ilə fəxr etdiklərini bildirərək "sonucda o bina Bilal Ərdoğanın oteli deyil, gənc alimlərə xidmət edən yataqxanadır" dedi. Onu da vurğulayaq ki, Bilal Ərdoğanla bərabər, baş nazirin qızı, kürəkəni, qudası və digər ailə üzvləri də TÜRGEV-in təsisçiləridir.
Araşdırmani qısa ixtisarla təqdim edirik.
"Vəqfə verilən ianələr xeyli diqqətçəkicidir. Siyahıda ən böyük ianəni "Royal Protocol" şirkəti verib. Nə az, nə çox, düz 200 milyon lirə.
Görəsən, adı heç yerdə keçməyən "Royal Protocol"un bu cür səxavətinin arxasında nə dayanır?
Şirkətin kimə məxsus olduğunu araşdırmazdan öncə 1984-cü ilə "gedək"...Səudiyyə Ərəbistanı Kralı Abdullah Bin Abdulaziz Əs-Suud
Kandillidə "Sevda təpəsi" deyilən 57 min 470 kvadratmetrlik ərazini 27 milyon dollara satın almışdı.
Bu həm də əcnəbilərə torpaq satılmasının ilk örnəyi idi. Turqut Özalın dəstəyi ilə Kral Abdullahın həmin ərazidə bina tikməsi üçün Boğaziçi Tikinti Qanununa da dəyişikliklər edildi. Ancaq həmin zaman İstanbul bələdiyyə başqanı seçilən Nurettin Sözen kralın İstanbulda villa tikməsi layihəsinə mane olmağı bacardı.
Kral Abdullah 28 il sonra Ekologiya və Şəhərsalma Nazirliyinə müraciət edərək "memarlıq üslubunu pozmayacaq" bina tikilməsinə icazə tələb etdi. Karlın istədiyi qərar 2012-ci il iyunun 16-da imzalandı...
Bu tarixi yadda saxlayıb "Royal Protocol"ə qayıdaq…
"Royal Protocol" "Kral Anlaşması" mənasını verir. Yəni burada bütün qərarlar Səudiyyə Ərəbistanı Kralının iki dodağı arasından çıxan sözlərə bağlıdır. Şirkətin rəhbəri Kralın ən yaxın adamlarından biri Muhammed Al-Tabaişidir. TÜRGEV-ə verilən 200 milyon lirəlik ianə də onun imzası ilə ayrılıb.
Keçək ianənin tarixinə. Sənədlərlə göstərilir ki, 200 milyon lirə TÜRGEV-in hesabına "Sevda təpəsi"ndə krala bina tikmək izni veriləndən 2 ay öncə - 2012-ci il aprelin 26-da köçürülüb.
Pul köçürüləndən düz 2 həftə öncə - 2012-ci il aprelin 12-də Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdə idi. 3 günlük Çin səfərindən sonra baş nazir gecə saat 3-də Səudiyyəyə yol almışdı...

Səfərlə bağlı rəsmi açıqlamada belə deyilirdi: "Baş nazir Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Abdullah Bin Abdulaziz Əs-Suudla Suriyada yaşananları müzakirə edib, Bəşər Əsədə qarşı atılacaq addımlarla bağlı fikirlərini paylaşıb".
Səfərdə diqqət çəkən bir məqam vardı – baş nazir paytaxt Ər-Riyadda deyil, kralın çölün ortasındakı yay sarayında qarşılanırdı. Həmin gecəni də Ərdoğan sarayın qonaqlara aid hissəsində keçirmişdi.
Kralla 3 saatlıq görüşdən sonra çöldə fırtına qopmuşdu və baş nazir helikopterlə gəldiyi çöl sarayından avtomobillərlə çətin bir yol keçib Ər-Riyada çata bilmişdi.
Bəzi "münafiq" media quruluşları baş nazirin Səudiyyəyə getməsini "Sevda təpəsi"nin gündəmə gəlməsi ilə əlaqələndirirdilər. Ancaq o zaman məsələ sadəcə əlaqələndirmədən o yana gedə bilməmişdi.
Ərdoğanın Səudiyyə kralını ziyarətindən çox keçməmiş – 2012-ci il may ayının 3-də Kral Abdullah Ekologiya və Şəhərsalma Nazirliyinə həmin ərazidə otel tikməyə icazə verilməsi üçün müraciət etdi. Nazirlik görünməmiş bir sürətlə hərəkət edərək düz 3 gün içərisində planı hazırlayaraq İstanbul Böyük Şəhər Bələdiyyəsinə yolladı. Bələdiyyə sənədləri təcili TBMM-in uyğun komitəsinə göndərdi. Komitənin CHP-dən olan üzvlərinin etirazına baxmayaraq layihə AKP-nin səs çoxluğu ilə qəbul edildi. Beləliklə İstanbul boğazının Anadolu yaxasında Üsküdar Qəndilli yamacında Kral Abdullaha otel tikmək icazəsi verildi.
Yenə "təsadüfən" baş nazir Rəcəb Tayyib Ərdoğan qərar çıxandan bir gün öncə - iyunun 15-də Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavinini Üsküdardakı iqamətgahında qəbul etmişdi...
Planın qəbul edilməsindən bir həftə sonra ekologiya və şəhərçilik naziri Erdoğan Bayrakdar maraqlı bir açıqlama yaydı, dedi ki, kral təpədə 4 villa tikdirdikdən sonra Türkiyəyə 10 milyard dollar qrant ayıracaq.
Kralın otel tikməyəcəyini, ərazidə ailə üzvləri üçün villalar inşa etdirmək qərarına gəldiyini deyən Bayraktar işə başlamaq üçün bir neçə imzaya ehtiyac olduğunu vurğuladı: "Kişi ərazini 20 il öncə satın alıb. Ona cəmi 3 min 400 kvadratmetr tikmək hüququ verilib. Bir dənə də olsun ağac kəsilməyəcək. Məncə ərazini də qoruyacaq, gözəlləşdirəcək. Hələlik qərar verilməyib, 6 nazir və baş nazirin imzasına ehtiyac var. Onlar da imzalarını atandan sonra 25 illik problem çözüləcək".
"Royal Protocol" un ianə hekayəsi haqqında bu qədər... Əldə etdiyimiz informasiyaları birləşdirəndə ortaya ilginc mənzərə çıxır. Görək bu informasiyaları istintaq materiallarına çevirmək hansı ürəkli Cümhuriyyət prokuroruna qismət olacaq".(Musavat.com)