Ali Radanın deputatı: “Kiyev “Maydan” Şurası tərəfindən idarə olunur”



"Özünümüdafiə dəstələrinin daxil olduğu "Maydan" Şurasının hərbi qərargahı bütün Ukraynada asayişin təmin olunmasına çalışır".

AzNews.az-ın məlumatına görə, bunu hazırda "Maydan"da keçirilən mitinqdə "Maydan"ın komendatı, Ali Radanın deputatı Andrey Parubiy deyib.

O bildirib ki, "Maydan" Şurası Viktor Yanukoviçin istefasında israrlıdır və növbədənkənar prezident seçkiləri tez bir zamanda keçirilməlidir:

"Bizdə olan ilkin məlumata görə, Yanukoviç Xarkova qaçıb. Hazırda paytaxt tam olaraq özünümüdafiə dəstələrinin nəzarətindədir. Asayişi biz təmin edirik. Fəallarımız hökumət binalarını nəzarətə götürüb.

Həmçinin, Ali Rada, Nazirlər Kabineti, Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinin binalarına giriş-çıxış nəzarətimiz altındadır. Biz milislərə də demişik ki, onlar da "Maydan" hərəkatına qoşulub patrul xidməti apara bilərlər. "Maydan" Şurası Kiyevdə asayişin qorunmasında yüksək səviyyəli nümunə göstərməlidir".

Deputatın sözlərinə görə, Şuranın hərbi qərargahı təxribatçılar tərəfindən asayişin pozulmasına imkan verməyəcək. O, hazırda qərargahın Xreşatik küçəsi 24 ünvanında fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Ukraynada hakimiyyət əleyhinə keçirilən qanlı toqquşmalardan sonra müxalifət prezident Viktor Yanukoviçin dərhal istefa verməsini tələb edir. "Maydan"da keçirilən mitinqdə isə Yanukoviç istefaya getmədiyi təqdirdə, Prezident Administrasiyasının binasına hücumla təhdid olunub.

AzNews.az