Ali Rada Yanukoviçlə bağlı Haaqa Məhkəməsinə müraciət etdi


Ukrayna Ali Radası Viktor Yanukoviç və onun komandasının hərəkətlərindən Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edilməsinə dair qərar çıxardı.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ali Rada bu gün keçirilən iclasında qərara alıb ki, Haaqa Məhkəməsi V. Yanukoviç və digər məmurlar tərəfindən məlum "Maydan" hərəkatı zamanı vətəndaşlara qarşı törətdilən cinayət əməllərini araşdırsın.

Qərara əsasən, Ali Rada hesab edib ki, V. Yanukoviç də başda olmaqla onun rəhbərlik etdiyi hökumətin Ukraynadakı aksiyaları yatırtmaqla bağlı atdığı addımlar insanlığa qarşı edilən hərəkətlər kimi dəyərləndirilməlidir.

Parlamentin qəbul etdiyi sənəddə Haqqa Məhkəməsindən V. Yanukoviç, sabiq baş prokuror Viktor Pşonku, keçmiş daxili işlər naziri Vitaliy Zaxarçenko başda olmaqla, digər yüksək çinli məmurların hərəkətlərindəki cinayət tərkibinin araşdırılmasını istənilib.

Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verib. Nəticədə hakimiyyət əlehidarları və güc strukturları arasında 100-dən artıq adam toqquşmaların qurbanı olub, 700-dən çox vətəndaş isə xəsarət alıb.

Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərib. Fevralın 24-də isə V. Yanukoviçin sədri olduğu Regionlar Partiyası müxalifətə keçməsini rəsmi şəkildə bəyan edib.

AzNews.az