- Köhnə - Region
- 27 Fevral 2014 13:04
- 13 312
Krıma tanklar yeridildi: Ukrayna- Rusiya müharibəsi başlayır (Yenilənib-4)- (Video)
AzNews.az-ın məlumatına görə, bu barədə açıqlamanı Krım Ali Radasının deputatı və yerli Tatar Məclisinin sədri Refat Çubarov verib.
Onlar bildirib ki, xidməti geyimli naməlum şəxslər gecə saatlarında Krımın paytaxtı Simferapolda adıçəkilən dövlət binalarına hücum edərək, Ukraynanın bayrağını çıxardıblar.
Onun yerinə Rusiyanın bayrağını qaldırıblar. Yerli media vasitələrinin verdiyi məlumatda isə bildirilib ki, binaya hücum edən şəxslər silahlı olub və adıçəkilən qurumları mühafizə edən mili əməkdaşlarını zərərsizləşdirmək üçün işıqlı qumbaradan istifadə ediblər.
Hazırda Krımda vəziyyət gərgin olaraq qalır. Əraziyə vətəndaşların girişi qadağan edilib. Krım Tatar Məclisinin sədri Refat Çubarov isə tatar xalqına çağırış edərək, provokasiyalara uymamağa və stabilliyi təmin etməyə çağırıb:
"Hər iki dövlət qurumunun binasının azad edilməsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətlərinə aiddir. Bu baxımdan təxribatlara yol vermək olmaz".
Ehtimal olunur ki, əməliyyatı keçirənlər Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.(10.30)
***
Krım Muxtar Respublikasının parlament və hökumət binasını zəbt edənlərin kimliyi bəlli oldu.
AzNews.az-ın Rusiyanın "RİA Novosti" və "İTAR-TASS" agentliklərinə istinadən verdiyi məlumata görə, dövlət binaları Krımda yaşayan rusdilli əhali tərəfindən yaradılan özünümüdafiə dəstəsi tərəfindən zəbt olunaraq, Ukrayna bayrağı yerinə Rusiyanın dövlət bayrağı ucaldılıb.
Məlumatda o da qeyd olunub ki, Simferapola getmək üçün hazırda Krımın regionlarında yaşayan rusdillilər tərəfindən özünümüdafiə dəstələri formalaşdırılır.
Xatırladaq ki, Ukrayna prezidenti V. Yanukoviçin istefaya göndərilməsindən sonra Rusiya-Ukrayna münasibətləri ciddi şəkildə korlanıb.
Ölkədə Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi çağırışları başlayıb. Ötən gündən isə Ukraynanın Krım Muxtar Respublikasında rusdilli əhali fəallaşaraq, bölgənin Rusiyaya birləşdirilməsinə çağırış edirlər. Səhər saatlarında isə naməlum silahlılar Krımın Ali Radasını və Nazirlər Kabinetinin binasını ələ keçirərək, bu dövlət idarələrindən Rusiyanın bayrağını qaldırıblar. (11:39)
***
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Krım Ali Radasının deputatı və yerli Tatar Məclisinin sədri Refat Çubarov deyib ki, hazırda Simferopola Ukrayna Silahlı Qüvvələrinin birləşmələri istiqamətlənib. Onların sayı 5 minə qədərdir. Parlamentin binasını zəbt edən silahlılar içəri heç kəsi buraxmırlar. Binaya daxil olmaq istəyən jurnalistlərə tərəf silahlılar səsli qumbara tullayıblar. Silahlılar Rusiya konsulluğunun əməkdaşları ilə də danışmaqdan imtina ediblər. Krım Nazirlər Kabinetinin sədri Aleksandr Moqilyov silahlılarla danışıqlara gedib. Silahlılar onunla söhbətdə tələblərini bir neçə saatdan sonra irəli sürəcəklərini deyiblər. Terrorçuların onunla əlaqə saxlaması üçün A. Moqilyov şəxsi telefon nömrəsini onlara verib. Hazırda Simferapol küçələrində milis barrikadalar qurur.(12.04)
***
Krım Muxtar Respublikasının paytaxtı Simferapola ağır zirehli texnikalar yeridilib.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin birləşmələri Simferapola daxil olub. Hərb kontingentə 50-yə qədər zirehli transportyor və 5 minə yaxın şəxsi heyətin daxil olduğu bildirilir. Bundan başqa Simferapolda Krım tatarları Muxtar Respublikanın parlamentinin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Məhəmməd
AzNews.az