“Krımda separat qruplaşmalar fəallaşıb” - Nazir



"Bu, suveren dövlətin ərazisini hərbi müdaxilə ilə işğal etməkdir".

AzNews.az-ın məlumatına görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov "Facebook"dakı səhifəsində Krımda baş verənlərə münasibət bildirərkən yazıb. A.Avakov qeyd edib ki, baş verənlər onun səlahiyyətindən kənar, daha yüksək səviyyədə həll olunası məsələlərdir. O, baş verənlərlə bağlı atılacaq addımların müəyyənləşdirilməsi səlahiyyətinin Təhlükəsizlik Şurasında olduğunu da qeyd edib:

"Krımda separat qruplaşmalar fəallaşıb".

Avakov əlavə edib ki, fevralın 27-dən 28-ə keçən gecə Rusiya hərbçiləri Sevastopol və Simferopol aeroportlarına tutublar: "Bu əməliyyat Rusiyanın Sevastopoldakı Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib.

Hazırda Ukrayna milisi ilə Rusiya hərbçiləri həmin hava limanlarında birgədilər. Hələ ki, hər iki tərəfdən qarşıdurmaya meyl yoxdur və silah işlədilməyib".

Nazir qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hər hansı danışıqlardan yayınır: "Rusiya hərbçiləri bildirir ki, danışıqlar aparmaq onların səlahiyyətində deyil".

Xatırladaq ki, fevralın 27-də səhər saatlarında özlərini Krım özünümüdafiə dəstəsi adlandıran silahlı qrup bu muxtar respublikanın parlament və Nazirlər Kabinetinin binalarını ələ keçirib. Daha sonra onların tələbi ilə Krım parlamentinin növbədənkənar iclası keçirilib. İclasda muxtar respublikanın gələcək taleyinin müyyənləşdirilməsi üçün referendumun keçirilməsi qərara alınıb. Rusiya media orqanlarının adıçəkilən dövlətin rəsmi qurumlarına istinadən yaydığı məlumatlarda isə bildirilir ki, Krımda adıçəkilən əməliyyatları həyata keçirənlər "Maydan" hərəkatının əleyhinə olan yerli özünümüdafiə dəstələridir.

Məhəmməd
AzNews.az