- Köhnə - Region
- 20 Oktyabr 2014 19:32
- 4 251
“Ukraynanın şərqində insanlar yerindəcə edam edilir”
“Amnesty International” insan haqları qrupu Ukraynanın şərqində qəddarlıq hərəkətlərini hər iki tərəfin törətdiyini bildirərək, bunun Rusiyanın təsvir etdiyi miqyasda da olmadığını qeyd edib.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, Amnesty yeni hesabatında Nijnya Krınka məntəqəsində 4 nəfərin edam edilməsində Ukrayna hökümət qüvvələrinin iştirakına dair "ciddi dəlillərin" olduğunu bildirib.
Həmin ərazidə aşkar edilmiş cəsədlər Rusiya mətbuatında "kütləvi məzarlıq" kimi təsvir edilərək geniş rezonans doğurmuşdu.
"Qəddarlıqların və yerindəcə edam edilmə hallarının hər iki tərəfdən - rusiyapərəst separatçılar və kiyevpərəst qüvvələr tərəfindən - törədildiyi şübhə doğurmur, lakin bu cür halların dəqiq miqyasını müəyyən etmək çətindir", - deyə Amnesty-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen vurğulayıb.
Amnesty International hər iki tərəfi həmin hadisələri ətraflı araşdırmağa çağırıb.
Amnesty öz hesabatını avqust-sentyabr aylarında Ukraynanın şərqində keçirdiyi tədqiqat əsasında hazırlayıb.
Nijnya Krınka hadisəsilə bağlı Amnesty missiyası əraziyə sentyabrın 26-da baxış keçirib.
Amnesty-ə görə, keçirilmiş baxış nəticəsində yerli sakin olduqları güman edilən və itkin düşmüş sayılan dörd nəfərin cəsədi aşkar edilib.
İnsan haqları təşkilatı həmin ərazinin Ukrayna qoşunlarının nəzarəti altında olduğunun şübhə doğurmadığını bildirib.
Eyni zamanda rusiyapərəst qüvvələrin də insanları yerindəcə edam etməsi barədə dəlillər var.
Təşkilat belə bir hadisənin, o cümlədən, iyul ayında Severodonetsk şəhərində baş verdiyini vurğulayıb.
Aprel ayında üsyançılar tərəfindən tutulmuş Rayqorodok adlanan ərazidə üstündə işgəncə əlamətləri olan iki cəsəd aşkar edilmişdi.
RİA Novosti üsyançı komandirə istinadən separatçıların hazırda Luhansk regionunda yerləşən Sçastye şəhərinə hücuma keçdiyini xəbər verib.
Batalyon komandiri Aleksandr Bednov üsyançılar tərəfindən 200-dək ukraynalı əsgərin mühasirəyə alındığını bildirib.
Rusiya Ukrayna qüvvələrini mülki əraziləri atəşə tutmaqda ittiham edir, Kiyev isə Rusiya tərəfindən dəstəklənən üsyançıları insan haqlarına qarşı cinayət törədən "terrorcu" adlandırır.
AzNews.az