Gürcülər üçün sonuncu qapı - VİDEO

Sabah qonşu Gürcüstan üçün önəmli günlərdən biri sayılır. Çünki Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalaması gözlənilir. Bu da qonşu ölkənin Avropa Birliyinə daxil olması üçün sonuncu qapı sayılır.

ANS TV-nin məlumatına görə, Avropa Parlamentinin bu gün baş tutacaq plenar iclasında Gürcüstan barəsində dinləmələr keçiriləcək. Sabah isə Gürcüstan və Avropa İttifaqı arasında assosiasiya sazişinin ratifikasiyası üçün səsvermə təşkil ediləcək. Əgər qətnamə qəbul edilərsə, o zaman Gürcüstan siyasi baxımdan Avropa Birliyinin geosiyasi məkanda bir hissəsinə çevriləcək və bundan əlavə xarici təhlükəsizlik və insan hüquqlarının təminatını əldə etmiş olacaq. İqtisadi mənada isə Gürcüstan ərazisində istehsal olunan məhsulların dünyanın ən böyük bazarına - Avropa bazarına maneəsiz çıxışını əldə edəcək. Yerli və xarici politoloqlar sabah Gürcüstan və Avropa İttifaqı arasında assosiasiya sazişinin ratifikasiyası ilə bağlı qətnamənin qəbuluna əmindilər.

Gürcüstan Parlamentinin deputatı Georgi Vaşadze deyib ki, prinsipcə bu məsəslə artıq həll olunub: "Çünki illər ərzində çox işlər görülüb. Hansı ki, bu günlərdə artıq yekunlaşır. Gürcüstan Avropa İttifaqı ilə lazım olan bütün mərhələləri geridə qoyub. Beləcə faktiki olaraq bu artıq sondur. Bundan sonra bu razılşamanın icrası mərhələsi başlanır".

Bu ölkə ilə bağlı qətnamədə həmçinin qeyd olunur ki, Gürcüstanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılması yolunda atdığı addımlar və ölkənin məhkəmə islahatları Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənir.