Moskva Bakı və İrəvan arasında növbəti görüşlərin baş tutacağını gözləyir

Moskva üç ölkənin xarici işlər nazirlərinin çərşənbə axşamı görüşdə razılaşdıqları növbəti Bakı-İrəvan danışıqlarının yaxın aylarda baş tutacağını gözləyir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat brifinqində bildirib.

“Rusiya ilə dost olan iki xalqın barışdırılması prosesi humanitar sferanı da əhatə etməlidir. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın ictimai xadimləri, ekspertləri və dini liderləri arasında dialoqun davam etdirilməsi üçün müsbət atmosfer yaratmaq lazımdır”, - rusiyalı diplomat bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması asan olmasa da, sülhə alternativ yoxdur.

"Digər məsələlərlə yanaşı, ötən gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçirilən üçtərəfli görüşdə də bununla bağlı məsələlər müzakirə olunub. Biz yuxarıda qeyd olunan növbəti görüşlərin yaxın bir neçə ay ərzində baş tutacağını gözləyirik", - Zaxarova əlavə edib.

Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı və erməni həmkarları Sergey Lavrov və Ararat Mirzoyanla görüşü baş tutmuşdu.

Mövsüm