- Qayıdış
- 27 İyul 2023 19:15
- 6 015
Ermənistan Qarabağ ermənilərindən istifadə edərək sülh prosesini əngəlləmək istəyir - Oqtay Qasımov
Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan istəyir ki, Qarabağ erməniləri acından ölsün.
“Ermənistan tərəfi uzun müddətdən bəri Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün qədər əngəlləmək, yubatmaq və vaxt qazanmaq düşüncəsi ilə hərəkət edir. Bütün davranışları, hərəkətləri də buna hesablanıb”.
Bunu mövzu ilə bağlı saytımıza danışan politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, son dövrlər Ermənistanın bu istiqamətdə atacağı addımlar ciddi şəkildə məhdudlaşdığından o, indi də Qarabağdakı ermənilərin məsələsini və guya Laçın yolunun bağlı olmasını humanitar hansısa problemlər adı altında toplayaraq bir təbliğat kampaniyası düzənləməyə çalışır.
“Bununla beynəlxalq təşkilatları, böyük dövlətləri bu prosesə bir formada cəlb edərək Azərbaycana təzyiqləri artırmaq istəyir. Qarabağdakı ermənilərin hansısa hüquq və təhlükəsizlikləri məsələsi ilə bərabər bölgənin blokada da olması və humanitar böhranın yaranması təbliğatını aparmağa çalışır. Azərbaycan isə birmənalı şəkildə bu iddiaları rədd edir və bildirir ki, Qarabağdakı ermənilərin gündəlik tələbat malları, o cümlədən tibbi ləvazimatları, dərmanları və digər bütün məhsul və yüklərləri çox rahat şəkildə, qısa yoldan və daha əlverişli şərtlərlə Ağdam-Xankəndi yolu və digər ərazilərdən daşına bilər və Qarabağda yaşayan erməni əhali də bundan faydalanar”.
Politoloqun sözlərinə görə, bununla bağlı Azərbaycanın mövqeyi Avropa İttifaqı tərəfindən eyni zamanda digər qurumlar və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də məqbul sayılıb və dəstəklənib.
“Sadəcə olaraq ermənilər tamaşa quraraq bu tamaşaya kənar aktyorları dəvət etməklə prosesi Azərbaycanın əleyhinə yönəltməyə çalışırlar. Amma Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi birmənalıdır. Heç təsadüfi deyil ki, dünən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ, Türkiyə, Avropa İttifaqı və İsveçrə səfirləri ilə keçirdiyi görüşdən sonra bu məsələlərlə bağlı açıqlama verdi. Açıqlamasında Ermənistan baş nazirini şantaj və manipulyasiyalarda ittiham edərək açıq şəkildə Azərbaycanın mövqeyini ortaya qoydu və bildirdi ki, artıq oyun bitdi və Ermənistanın heç bir şantajı, hansısa bir başqa vasitələrlə prosesə təsir etmək imkanları bundan sonra qəbul edilməyəcək. Yüklərin göndərilməsi üçün konkret marşrut da bəllidir”.
O. Qasımov sonda qeyd edib ki, bu baxımdan Ermənistan sadəcə Qarabağ erməniləri kartından istifadə edərək sülh prosesini əngəlləmək və vaxt qazanmaq istəyir.
“Bu da təbii ki, tək Ermənistanın mövqeyi deyil. Bu, Ermənistanın havadarlarının da onu yönləndirməsi ilə baş verən hadisələrdir. Amma bütün bunlar Azərbaycanın mövqeyində hansısa dəyişiklik yaratmayacaq. Azərbaycan suveren ərazilərində hüquqlarını bərpa edəcək və Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına tabe olanlarının da bütün problemlərini, o cümlədən hüquq və təhlükəsizliyini də təmin edəcək”.
Rəşid Qarayev