BQXK əsirlərimizin geri qaytarılmasında effektiv fəaliyyət göstərmir - Ramil Məmmədli

Dünən BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Əsirlərə telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb. Bəs əsgərlər Hüseyn Axundov və Aqşin Bəbirovun ölkəyə qaytarılması nə zaman çəkəcək? Ermənistan tərəfi bu addımı nə vaxt gerçəkləşdirəcək?

Sözügedən məsələ ilə bağlı AzNews.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, əsirlərin dəyişdirilməsi ilə bağlı məsələ artıq bir müddətdir ki, davam edir.

"Təxminən iki aydır bu istiqamətdə sürətli işlər aparılır. Hesab edirəm ki, Azərbaycan məhz əsirlərin dəyişdirilməsi ilə bağlı məsələdə olduqca aktiv fəaliyyət göstərir. Hətta Azərbaycan prezidentinin bu məsələ ilə bağlı açıqlaması olub. Xatırlayırsınızsa, Azərbaycan prezidenti əsirlərin dəyişdirilməsi məsələsinə reaksiya verib. Ümumiyyətlə, azərbaycanlı əsirlərin geri qaytarılması ilə bağlı proses olduqca ləng gedir. Bunun da əsas səbəbi və səbəbkarı bəllidir".

Politoloq onu da qeyd edib ki, Ermənistan bu məsələyə qeyri-adekvat reaksiya nümayiş etdirir.

"Baş verən hadisədə də birbaşa Ermənistan günahkardır. Biz müşahidə edirik ki, hər dəfə Azərbaycan erməni əsirləri ilə profilaktik söhbət etdikdən sonra onları qaytarır. Amma Ermənistan tərəfi müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. Məhz Hüseyn Axundov və Aqşin Bəbirovun məsələsində də eyni vəziyyətdir. Çox təəssüf ki, hətta nəinki Hüseyn və Aqşinin qaytarılması, hətta onlarla bağlı qondarma cinayət işinin qaldırılmasına qədər prosesi uzadıldı. Amma bu, gülüncdür. Düşünürəm ki, Avropa İttifaqı, Avropa Şurası yaxın vaxtlarda bu məsələ ilə bağlı konkret addım atacaq. Əsirlərin dəyişdirilməsini həyata keçirəcəklər. Amma bunun yaxın günlərdə reallaşacağı hər halda inandırıcı deyil. Çox təəssüf ki, beynəlxalq təşkilatlar da elə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də effektiv fəaliyyət göstərmirlər. Qeyd edim ki, son dörd ay ərzində onlar cəmi bir dəfə valideynləri ilə danışmaq imkanı əldə ediblər. Beynəlxalq təşkilatlar bu məsələyə olduqca ciddi yanaşmalıdırlar".

Ayan Rzayeva