- Qayıdış
- 14:07
- 742
Şuşada əhali sayı mərhələli şəkildə artacaq - FOTO
İşğaldan azad edilən Şuşa şəhərində quruculuq və inkişaf prosesi davam edir.
Aznews.az xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Ərazinin inkişafı və ictimai nəqliyyatın idarə olunması şöbəsinin müdiri Rza Abdullayev deyib.
Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması məqsədilə yeni yaşayış binaları inşa olunur: “Bununla paralel olaraq tarixi-mədəni irsin bərpası və infrastruktur layihələrinin icrası həyata keçirilir. Görülən bütün işlər Şuşaya xas memarlıq üslubuna uyğun şəkildə aparılır”.
Qeyd olunub ki, Şuşa şəhərində ilk yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İstifadəyə verilən yaşayış kompleksi ümumilikdə 23 binadan ibarətdir. Hazırda şəhərdə həyat tədricən canlanır, küçələrdə avtomobil hərəkəti müşahidə olunur, yaşayış binalarında işıq yanır, sakinlər gündəlik həyat ritminə qayıdırlar.
Məlumata görə, hazırkı mərhələdə şəhərdə əhalinin sayının mərhələli şəkildə artacağı gözlənilir. Bu məqsədlə yeni yaşayış massivlərinin inşası davam etdirilir. Belə ki, D3 və D4 yaşayış massivlərində çoxmənzilli binaların tikintisi həyata keçirilir.
D3 yaşayış massivində ümumilikdə 17 çoxmənzilli binanın inşası nəzərdə tutulur. Birinci mərhələdə 10 binanın tikintisi davam etdirilir. İkinci mərhələdə isə daha 7 binanın inşasına müvafiq hazırlıq işləri başa çatdıqdan sonra başlanılması planlaşdırılır. D3 yaşayış massivində binalar 5 və 6 mərtəbəli olacaq. Hazırda həm D3, həm də D4 yaşayış massivlərində binaların dəmir-beton konstruksiyalarının quraşdırılması sürətlə və yüksək keyfiyyətlə aparılır.
Yaşayış binalarında hər bir bina lift və yeraltı avtodayanacaqla təmin olunacaq. Layihəyə əsasən, binalar Şuşa şəhərinin memarlıq üslubuna uyğun dizayn edilib. Ərazidə uşaq oyun meydançaları, yaşıllıq zolaqları, eləcə də yağış sularının toplanması üçün süni göllərin yaradılması nəzərdə tutulub.
Bundan əlavə, D3 və D4 yaşayış massivlərindən sonra D5 yaşayış massivinin inşası üçün 6,2 hektar torpaq sahəsi ayrılıb. Ayrılmış ərazidə 16 binanın, ümumilikdə 274 mənzilin inşası layihələndirilib. Mənzillər 2, 3, 4 və 5 otaqlı olacaq. Layihənin icrasına müvafiq sənədləşmə və hazırlıq işləri yekunlaşdıqdan sonra başlanılması planlaşdırılır.
Aznews.az