Ravil Qaynutdin növbəti dəfə Rusiya müsəlmanlarının müftisi seçildi

1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb

Moskvada Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib.

500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMİ-nin başçısı, müfti Ravil Qaynuddinin 60 illik yubileyi qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib.

Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib.

Qeyd edək ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə - sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub. (APA)