"Qoy ermənilər türklərlə özləri məsələlərini həll etsinlər" - Dumanın komitə sədri Leonid Kalaşnikov "Qoy ermənilər türklərlə özləri məsələlərini həll etsinlər" - Dumanın komitə sədri Leonid Kalaşnikov

“Türklərə açıq deməliyik: "Azərbaycanla, Qazaxıstanla... dost ola bilərsiniz, amma"...”

"Qoy ermənilər türklərlə özləri məsələlərini həll etsinlər" - Dumanın komitə sədri Leonid Kalaşnikov

“Ermənilərin qəlbinə girmək istəmirəm - qoy türklərlə özləri məsələlərini həll etsinlər. Axı biz almanlarla münasibət qurmuşuq...”

Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi sədrinin müavini, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Svobodnaya pressa" nəşrinə müsahibəsində digər mövzularla yanaşı, Ermənistan, Azərbaycan və Türkiyəyə münasibətlərə də toxunub. Dumanın komitə sədri Rusiyanın Türkiyə və Azərbaycana gerçək münasibətləri haqda diqqətçəkən fikirlər səsləndirib.

Moderator.az bu haqda “Svobodnaya pressa"ya istinadla xəbər verir.

Türkiyə haqqında danışarkən özü də türk-monqol mənşəli buryat xalqının nümayəndəsi olan Kalaşnikov belə düşünür:

“Mənim Türkiyəyə münasibətim ikibaşlıdır. Bir tərəfdən, Türkiyə NATO-nun üzvüdür və türklər nə desələr də, qərarlarında ilk növbədə bu alyansın tələblərini rəhbər tutacaqlar.

Ancaq situasiya baxımından, taktiki olaraq - bəzən daha isti, bəzən daha soyuq olan ikitərəfli əlaqələrimizdən istifadə edirik.

Və başa düşməliyik: heç vaxt Türkiyə ilə indiki kimi məhsuldar bir əlaqəmiz olmayıb. Sual olunur: onları niyə məhv etmək lazımdır? Suriyada, iqtisadiyyatda türklərlə ortaq bir dil tapdıq. Niyə bu güclü, çoxmilyonlu keçmiş imperiya ilə dostluq əlaqələrimiz olmamalıdır?!

Başqa bir sual budur ki, Türkiyənin postsovet məkanındakı dövlətlərlə əlaqələrinə necə münasibətdə olmalıyıq? Burada da ikili fikir var. Bir tərəfdən, erməniləri məhv etdikləri üçün türklərə nifrət edən erməniləri başa düşürəm. Ancaq indi Rusiya və ruslardan danışırıq, elə deyilmi? Ruslar da məhv edildi - məsələn, Almaniyada. Amma indi paradoksal olsa da, almanlar üçün “Şimal axını” tikirik...

Atam Böyük Vətən müharibəsinin hamısını keçib və almanların nə etdiklərini öz gözləri ilə görüb. Ancaq indiki düşməninizin ömür boyu düşmən olacağını düşünmək çətindir. Mən ermənilərin qəlbinə girmək istəmirəm - qoy türklərlə özləri məsələlərini həll etsinlər. Axı biz almanlarla münasibət qurmuşuq...

Türkiyənin bu bölgəyə nüfuz etmək haqqı varmı? Həm bəli, həm də xeyr. Biz rusların Ukraynadakı və ya Baltikyanı ölkələrdəki ruslara qayğı göstərmək haqqımız varmı? Əlbəttə ki, soydaşlarımızı daha fəal şəkildə qorumalıyıq!

Türkiyə türkdilli xalqlarla əlaqələr qurur, sadəcə. Ancaq biz ikiqat həqiqəti əldə edirik: rusları qorumalıyıq - Qırğızıstanda məktəblər açmalı, ora dərsliklər və müəllimlər göndərməliyik. Ancaq bunun əksi mümkün deyil. Sual olunur ki, bəs türklər niyə türklərə dəstək ola bilməzlər?!

Bununla belə, türklərə aydın şəkildə deməliyik: "Bəli, Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistanla dost ola bilərsiniz. Ancaq bunlar bizim maraq sahəmizdir və ona müdaxilə etsəniz, adekvat cavab alacaqsınız".

Bu barədə dürüst deməliyik - türklərə, ermənilərə, azərbaycanlılara - və onlarla oyun oynamağa çalışmamalıyıq. O halda onlar da dürüst dili başa düşürlər" - L.Kalaşnikov belə deyib.

Aznews.az