Rusiya Laçın yolundan keçən hər bir nəqliyyat vasitəsini yoxlamağı təklif edir - Lavrov

Rusiya Laçın yolundan keçən hər bir nəqliyyat vasitəsində qadağan edilmiş qeyri-humanitar yüklərin olub-olmadığını yoxlamağı təklif edib. Bu barədə yanvarın 18-da keçirilən mətbuat konfransında RF XİN başçısı Sergey Lavrov bildirib.

"Turan" agentliyinin məlumatına görə, nazir xatırladıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən, Laçın dəhlizindən vətəndaşların və nəqliyyat vasitələrinin sərbəst keçidi təmin edilməlidir.

"Əlbəttə, xüsusi olaraq qeyd edilib ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar Ermənistan tərəfin bu dəhlizlə mina daşıdığı haqqında məlumatları təqdim ediblər və hazırda bizim hərbiçilərimiz bu məlumatları araşdırır. Sonradan bu minalardan razılaşmalara zidd olaraq Azərbaycan mövqelərinin yaxınlığındakı ərazilərin minalanması üçün istifadə olunub", deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Laçın dəhlizində hazırki vəziyyətin nizamlanmasına dair təklif irəli sürüb.

"Biz çox sadə bir təklif irəli sürdük. Rusiyanın oraya göndərdiyi sülhməramlı kontingent bu hərəkətə nəzarət etmək səlahiyyətinə malikdir. Və kontingentin hər bir nəqliyyat vasitəsində qadağan olunmuş qeyri-humanitar, qeyri-mülki məhsulların olub-olmadığını yoxlamaq üçün hər cür imkanı var.

Dünən və ya sırağagün Rusiya kontingentinin komandanının iştirakı ilə Azərbaycan nümayəndələrinin Qarabağ nümayəndələri ilə görüşü olub. Düşünürəm ki, bu məsələ yaxın zamanda nizamlanacaq", deyə Lavrov bildirib