İran lideri Xamenei Trampa məktub göndərdiyi iddialarını rədd edir

İran lideri Ayətullah Əli Xamenei “Milis Gücü Günü” münasibətilə xalqa müraciətində, “İran dövlətinin hansısa ölkə vasitəsilə ABŞ-yə mesaj göndərməsi ilə bağlı yayılan şayiələr başdan-ayağa yalandır. Belə bir hal baş verməyib”, – deyə bildirib.

ABŞ-nin hətta öz müttəfiqlərinə belə xəyanət etdiyini vurğulayan Xamenei, 12 gün davam edən müharibə zamanı İsraili dəstəkləyən Vaşinqtonun maliyyə baxımından böyük zərərə uğradığını qeyd edib.

Xamenei, Vaşinqton administrasiyasının 12 gün sürən müharibə zamanı İran xalqını rejimə qarşı qaldırmağı planlaşdırdığını, lakin bu planın iflasa uğradığını bildirib. O, siyasi məsələlərdə fərqliliklərin mümkün olduğunu, lakin düşmənə qarşı birliyin qorunmasının vacibliyini vurğulayıb.

İran Demokratiya Partiyasının sədri Mustafa Kəvakəbian 24 noyabr tarixində verdiyi açıqlamada Prezident Məsud Pezeşkianın (Xameneinin icazəsi ilə) Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman vasitəsilə ABŞ Prezidenti Donald Trampa “ABŞ ilə danışıqlara hazırıq” məzmunlu məktub göndərdiyini iddia etmişdi.

Mövsüm,

Aznews.az