- Rusiya və İran
- 21:11
- 1 904
Rəqəmsal qaranlıqda kütləvi qırğın: İrandakı aksiyalarda 330 min nəfər yaralanıb
İranda iqtisadi böhran fonunda 28 dekabr 2025-dən başlayan kütləvi etirazlar 22-ci gününə keçərkən ölən və saxlanılanların sayı ilə bağlı yayılan məlumatlar arasında ciddi fərqlər ortaya çıxıb. Rəsmi və yarı-rəsmi mənbələr ölənlərin sayını minlərlə ifadə edir, qeyri-rəsmi tibbi hesabatlar isə itkilərin on minlərlə olduğunu iddia edir.
Reuters agentliyinə danışan adının açıqlanmasını istəməyən iranlı rəsmi etirazlar zamanı təsdiqlənmiş ölənlərin sayının azı 5 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, ölənlər arasında təxminən 500 təhlükəsizlik əməkdaşı da var. Rəsmi şəxs zorakılığın əsasən İranın şimal-qərbindəki kürd bölgələrində baş verdiyini iddia edərək hadisələri “silahlı qrupların fəaliyyəti” ilə izah edib.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) isə indiyədək 3 308 nəfərin öldüyünü, 24 266 nəfərin saxlanıldığını açıqlayıb. HRANA-nın məlumatları beynəlxalq mediada ən çox istinad edilən müstəqil mənbələrdən sayılır.
Bununla yanaşı, İranda fəaliyyət göstərən həkimlərin hazırladığı qeyri-rəsmi hesabatda vəziyyət daha ağır təsvir olunur. Həmin hesabatda etirazlar zamanı ən azı 16 500 nəfərin öldüyü, 330 mindən çox insanın yaralandığı iddia edilir. Bildirilir ki, ölənlərin böyük əksəriyyəti 30 yaşdan aşağı gənclərdir və təhlükəsizlik qüvvələri etirazların yatırılmasında hərbi sinif silahlardan istifadə edib. Hesabatda baş verənlər “rəqəmsal qaranlıq şəraitində kütləvi qırğın” kimi xarakterizə olunur.
Xatırladaq ki, etirazlar İran rialının kəskin dəyər itirməsi və qiymət artımları fonunda Tehranın Böyük Bazarında başlamış, qısa müddətdə ölkənin bir çox şəhərinə yayılmışdı. Yanvarın 8-də Tehranda aksiyalar daha da şiddətlənəndən sonra hakimiyyət ölkə üzrə internetə çıxışı məhdudlaşdırmışdı.
AzNews.az