Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov barəsində aparılan cinayət təqibinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Aznews.az xəbər verir ki, bu barədə "Baza" nəşri məlumat yayıb.

Həsənov bildirib ki, törətdiyi əməllər cinayət xarakteri daşımır. Onun sözlərinə görə, vəsaitlərin hamısı qanuni sahibkarlıq fəaliyyətindən əldə olunub.

Qeyd edək ki, bu gün Hüseyn Həsənov barəsində açılmış cinayət işi Moskvanın Cənub İnzibati Dairəsinin prokurorluğuna daxil olub. Prokurorluqdan bildirilib ki, iş üzrə ibtidai istintaq artıq başa çatdırılıb.

İstintaq çərçivəsində Həsənova xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Məhkəmə onun barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçib, bloger axtarışa verilib.

Araşdırma zamanı müəyyən edilib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov real gəlirlərini gizlədib və Rusiyanın dövlət büdcəsinə 170 milyon rubldan artıq vergi ödəməyib.

Rəsmi qurumlar bildiriblər ki, cinayət yolu ilə əldə edilən vəsaitlərə qanuni görüntü vermək məqsədilə bloqer bir neçə maliyyə əməliyyatı aparıb, həmçinin 1-ci Krasnoqvardeyski keçidində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sövdələşmə bağlayıb. Sövdələşmənin ümumi məbləği 68 milyon rubldan çox olub.

Aznews.az