Əraqçi ABŞ ilə nüvə danışıqları üçün yola düşdü

İranın xarici işlər naziri Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Masqata yola düşüb.

Aznews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.

"Xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqları aparmaq üçün diplomatik nümayəndə heyətinə rəhbərlik edərək Masqata getdi. Bu diplomatik təşəbbüs nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı və şərəfli razılaşmaya nail olmaq məqsədilə həyata keçirilir", - İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

Bundan əlavə, sözçü bildirib ki, keçmişin acı təcrübələri, o cümlədən öncəki öhdəliklərin pozulması unudulmayıb:

"Biz həmişə özümüzü İran xalqının hüquqlarını müdafiə etməyə borclu hesab edirik. Eyni zamanda, İran xalqının maraqlarını təmin etmək və regionda sülh və əmin-amanlığı qorumaq üçün diplomatiyadan istifadə etmək imkanını əldən verməmək məsuliyyətimiz var".

"Bu prosesin formalaşmasında məsuliyyətli rol oynayan bütün dost, qonşu və region ölkələrini yüksək qiymətləndiririk və ümid edirik ki, Amerika tərəfi bu prosesdə məsuliyyət hissi, realizm və ciddilik ilə iştirak edəcək", - o, fikirlərini yekunlaşdırıb.

Aznews.az