““Eurovision” mahnımız birincilik vəd etmir” - VİDEO

İsveçin Stokholm şəhərində keçiriləcək “Eurovision-2016” mahnı müsabiqəsində ölkəmizi Səmra Rəhimli “Miracle” mahnısı ilə təmsil edəcək.


İsveçli nümayəndə heyətinin hazırladığı mahnı isə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri ölkəmizi təmsil edəcək, musiqi haqda müsbət rəylər versələr də, bir çox insan bəstəni bəyənməyiblər. Hətta onun plagiat olduğunu iddia edənlər də var.

AzNews.az xəbər verir ki, Musavat.com "Eurovision-2016" üçün hazırlanan mahnımız haqda musiqiçilərin fikirlərini öyrənib.

Bəstəkar Nailə Mirməmmədli bildirib ki, bu il ölkəmizi təmsil edəcək mahnını uğurlu hesab etmir: "Mahnı haqda nə deyə bilərəm? Normal mahnıdır, amma "partladan" deyil. Birincilik kriteryalarına uyğun gəlmir. Amma hər şey ola bilər, tarixdə elə şeylərlə üzləşirəm ki, məəttəl qalıram. Aidiyyatı olmayan mahnılar elə yuxarı başa qoyulur ki, təəccüblənirəm. "Eurovision"un qalibi səsvermə ilə seçilir. Kimin qalib olacağını demək çətindir. Ona görə də əvvəlcədən proqnoz vermək istəmirəm".

Bəstəkar-müğənni Murad Arif "Eurovision" mahnımızı bəyənməsə də, təmsilçimizi uğurlu seçim adlandırıb: "Miracle" mənim xoşuma gəlmədi. Bəziləri mahnının plagiat olduğunu iddia edir, lakin belə deyil. Bəxş etdiyi enerji, aid olduğu harmoniyalar, stilistika baxımından Sianın "Chandelier" mahnısına oxşayır, amma əsla plagiat deyil, iki fərqli not ardıcıllığı var. Plagiat notların üst-üstə düşməyidir. Səmraya uğurlar arzu edirəm, düşünürəm ki, parlaq iştirakçıdır. Ümid edirəm ki, müsabiqədən qayıdandan sonra passivləşməyəcək, öz ulduzluğunu qoruyacaq. "Eurovision" müsabiqəsində mahnıdan, səhnə performansından çox şey asılıdır. O mahnıdan birincilik qoxusu gəlmir. Kaş ki, yanılım".

"Eurovision-2011"-in qalibi Eldar Qasımov bu ilki kompozisiyanı bəyənənlərdəndir: "Səmranın ifa edəcəyi mahnı mənim çox xoşuma gəlir. İsveçlilər mahnını çox gözəl yazıblar. Kompozisiya ilk onluğa layiqdir. Amma hər şey müsabiqə axşamından asılıdır. Qalibiyyət ifa olunan mahnının insanların əhval-ruhiyyəsinə düşüb-düşməyəcəyinə bağlıdır. Səmranın mahnını gözəl ifa etməsindən, press-konfranslarda jurnalistlərlə münasibətindən çox şey asılıdır. Ona uğurlar arzulayıram".