Milli şou-biznes tarixində analoqu olmayan layihə - “Böyük səhnə” Milli şou-biznes tarixində analoqu olmayan layihə - “Böyük səhnə”

Eldar Qasımov: “Onları boğmaq istəyirdim” – FOTOSESSİYA

Milli şou-biznes tarixində analoqu olmayan layihə - “Böyük səhnə”



Yanvarın 25-i və 26-da Azərbaycan teleməkanında və şou-biznes tarixində analoqu olmayan yeni beynəlxalq musiqi layihəsinin – "Böyük səhnə"nin ilk efir həyəcanı başlayır. İdeyası Gənclər və İdman Nazirliyinə və Ukraynanın "Euromedia" şirkətinə məxsus layihənin məqsədi ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

AzNews.az-ın məlumatına görə, layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xoreoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir.

Müsabiqənin münsiflər heyətində 2011-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran müğənnilərdən biri Eldar Qasımov da var. E.Qasımov məhz münsiflər heyətində təmsil olunmağın məsuliyyəti və həyəcanından, layihənin üstünlüklərindən yerli media əhlinə xəbər verdi:

"Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilən kastinqlər zamanı 50 nəfər super kastinqə vəsiqə qazandı. Mən super kastinqdə çoxlarına "hə" demək istəyirdim. Səs baxımından, zahiri və daxili cəhətdən məni qane etməyənləri seçmədim. Super kastinqdə iştirakçılardan çox şey gözləyirdim, ancaq onlar məni heyrətə gətirə bilmədilər. Elə anlar olurdu mən səhnəyə çıxıb onları boğmaq istəyirdim ki, "sən niyə belə edirsən" və yaxud "niyə bu mahnını oxuyursan". Əsəbiləşirdim ki, iştirakçıda potensial, istək, xarizma, aura varsa onu niyə göstərə bilmir".

E.Qasımov deyib ki, "Böyük səhnə" layihəsi Azərbaycan şou-biznesində analoqsuz bir layihədir və o, məhz bu səbəbdən də bu layihəyə təklifi dəyərləndirib: "Deyə bilərəm ki, bu müsabiqə "Eurovision" mahnı müsabiqəsindən sonra ilk yüksək səviyyəli müsabiqədir. Həm də düşündüm ki, "Eurovision" və başqa dünya səhnələrində qazandığım təcrübəni bu gənc iştirakçılara bölüşə bilərəm. Hazırda layihədə münsif kimi iştirak edirəm. Növbəti mərhələdə mənə münsif, aparıcı və ekspert olmağı təklif etdilər. Mən isə ekspert qismində çıxış etməyi seçdim. Çünki ekspert iştirakçılarla daha çox ünsiyyətdə olur. Mən çalışacağam ki, öz təcrübəmi onlarla bölüşüm və onlara düzgün məsləhət verim. İştirakçılar arasında favoritlərim var, amma münsif kimi əlbəttə favoritim yoxdur".

Eldar deyir ki, bu layihədə iştirak etmək onun üçün həm də böyük fəxrdir və onun üçün jüri qismində iştirak etmək çox böyük məsuliyyətdir: "Çox xoşdur ki, təşkilatçılar məni münsiflər heyətində görüblər. Super kastinq günü çox həyəcanlı idim. Mən iştirakçıların həyəcanını münsiflər heyətinin digər üzvlərindən daha yaxşı hiss edirdim. Çalışdım ki, həyəcanı kənara qoyub obyektiv olum. Çox sevindirici haldır ki, münsiflər heyətində hər yaş kateqoriyasından olan nümayəndələr var idi".

Ali təhsilini diplomatiya üzrə alan, "Eurovision" kimi mötəbər musiqi müsabiqəsində qalib olan, peşəkar müğənni və aktyor, eyni zamanda aparıcılıqda da özünü sınayan Eldar bu dəfə tamaşaçılar qarşısında jüri kimi çıxır. Lakin maraqlı məqam budur ki, bütün bu işlər Eldarı müğənnilik fəaliyyətində geri salmır: "Fikirləşirəm ki, öz sənətimdən geri qalmıram. Çünki mənim etdiyim münsiflik, aparıcılıq, aktyorluq və digər işlər mənim təcrübə sandıqçama bir əlavədir. Məsələn, aparıcılıq təcrübəsi qazananda müğənni kimi tamaşaçılarla rahat ünsiyyət qura bilirəm. Və yaxud müxtəlif səhnələrdə qazandığım təcrübə, iştirakçılar arasında düzgün seçim etməyə köməklik edir".

Onu da öyrəndik ki, "Böyük səhnə" layihəsində 12 nəfər yarım finala vəsiqə qazanıb. Final mərhələsi isə fevralın 9-u Ukraynada baş tutacaq. Finalda üç super finalçı seçiləcək. Martın 9-u super final olacaq və super finalçılar bu müddət ərzində Ukrayna və İsveçdə təcrübə keçəcəklər. Super finalçılardan bir nəfər "Böyük səhnə"nin kralı seçiləcək. Amma hər üç super finalçı müxtəlif - klip, albom, ya da hər hansısa musiqi şirkəti ilə müqavilə kimi hədiyyələrlə təltif olunacaqlar.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description