İlhamə Quliyeva: “Getdikcə daha da cavanlaşıram” – Müsahibə

Xalq artisti İlhamə Quliyevanın AzNews.az-a müsahibəsi:

- İlhamə xanım, ürək əməliyyatı keçirməyinizdən xeyli vaxt keçir. Hazırda özünüzü necə hiss edirsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Heç əməliyyatdan əvvəl özümü belə gümrah hiss etmirdim. Xəzər televiziyasının "Bizim gün" verilişində qonaq idim, canlı yayımdan indicə çıxmışam. Özümü super hiss edirəm. Çox sağlamam. Başqa necə ola bilərəm ki?

- Yaradıcılığınıza nəzər salanda sevgi səhnələriylə dolu kliplər üstünlük təşkil edir. Madam ki, özününüzü yaxşı, gümrah hiss edirsiniz, tamaşaçı həmin kliplərin davamını gözləsinmi?

-Mən səhnəyə nə kliplə, nə albomla yox, böyük sənət istəyi ilə gəlmişəm. Açığı nə albom çıxarmaq, nə də klip çəkdirmək həvəsindəyəm. Amma bir, iki əsər var. Həmin əsərlərdən biri rəhmətlik anam Tükəzban xanım İsmayılovaya ithaf olunur. Nadir Əzimovun bəstəsi olan bu mahnını anamın xatirəsinə həsr edəcəyəm.

-Bəs, hesabat konserti vermək fikiriniz varmı?

- Bəli, oktyabrda böyük bir hesabat konserti verməyi düşünürəm. Özü də bu konsert iki səhnədə və ayrı-ayrı məkanlarda baş tutacaq. Əvvəl Rusiya səhnəsində, sonra isə Azərbaycanda. Yarım əsrdə gördüyüm işlərin hesabatı verilməlidir. Bu sənətkar üçün vacib şərtdir. Amma bunu nəzərə alıb bütün yayı dincələcəm. Hamı bilir ki, mən yay aylarında səhnəyə çıxmıram, dincəlirəm. Təbii ki, Bakıda olacağam. Bir neçə gündür ki, bağdaydım. Atamın və anamın ruhuna "Quran" oxutdurandan sonra səyahətlərim olacaq. Ailəmdə və evimdə hər şey əladır. Gəlinim də, nəvəm də yaxşıdır.

-Bəs gəlin-qaynana münasibətləri necə?

-Gəlinim çox yaxşı, layiqli xanımdır. Nəvəm də şirin baladır. Allah bütün ailələr nəvə nəsib eləsin. Çox xoşbəxtəm ki, Ruslan adında sağlam nəvəm var.

-İş birliyində olduğunuz Millət vəkili Novruz Aslanın rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyəti Türkiyədə, Somada baş verən mədən faciəsi ilə əlaqədar yardım kampaniyasına başlayıb. Siz o kampaniyaya qoşulacaqsınızmı?

-Böyük məmnuniyyətlə. Mən Qızıl Aypara Cəmiyyətinin rəsmi nümayəndəsiyəm, Novruz Aslan da mənim dostumdur, mənim oxuduğum "Yaşın nə fərqi var" mahnısının musiqi müəllifidir. Ümumiyyətlə, o, mənim silsilə albomlarımın bəstəkarıdır. Eyni zamanda bizim hörmətli millət vəkilimizdir. Bu, çox gözəl təşəbbüsdür. Mən heç vaxt belə xeyriyyə tədbirlərindən, aksiyalardan geri qalmamışam, qalmaq da fikrində deyiləm. Mən də o kampaniyaya qoşuluram, nə lazımdırsa canla-başla edəcəm. Əlbəttə, mən bu faciəni böyük təəssüflə qarşıladım. Təəssüf edirəm ki, belə bir hadisə baş verdi, Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

-İlhamə xanım, elə dövrə gəldik ki, gerçəkdən yaşın heç bir fərqi qalmadı. Sizin üçün də doğrudanmı belədir?

-Mənim üçün yaşın heç bir fərqi yoxdur. Qızıl qaldıqca onun qiyməti bahalaşır. Mən yaşa dolduqca daha da cavanlaşıram, gözəlləşirəm. Yaşım, ruhum ilham alır mənim sənətimdən. Mənim üçün yaş heç nəyi fərq eləmir. Oxuduğum "Yaşın nə fərqi var ki" mahnısını özümə həsr etmişəm, Sözləri də mənimdir. "Tac" təxəllüsü ilə yazıram. Əgər mənim xarici görünüşüm, səsim, diapazonum yerindədirsə, həmişə zirvədə gözəllik varsa, mənim üçün yaşın heç bir fərqi yoxdur. Mən özümü indi qabaqkındandan da, yəni 30 il əvvəldən də yaxşı hiss edirəm. Səsim də yerindədir. Sevənlərə də bir arzum var - qoy onlar bu yolda saf və müqəddəs sevgi yaşasınlar. Süni münasibət olmasın. Bu, faciəyə apara bilər. Süni münasibət gec-tez sevgini korlayar, ona xələl gətirər, insanlar bir-birindən vidalaşırlar. Ona görə pak və səmimi münasibət varsa, deməli, cütlük arasında hər zaman sevgi var. Mən şəxsən sevib-sevilməyi görmüşəm və görürəm də. Həmişə sevirəm və sevilirəm.

Bahar Rüstəmli
AzNews.az