Xalq artisti ANS-i məhkəməyə verir - FOTO - YENİLƏNİB

Xalq artisti, Prezident təqaüdçüsü, müğənni Nisə Qasımova ANS-i məhkəməyə verməyə hazırlaşır. Bu barədə AzNews.az-a danışan Xalq artisti bildirib ki, səbəb adıçəkilən telekanalda yayımlanan "Şoumən" verilişində onun qardaşı oğlu Fətullah Qasımovun haqqında səsləndirdikləri təhqiramiz ifadə olub:

"ANS-də yayımlanan "Şoumən" verilişində bir neçə Xalq artistləriylə yanaşı, mənim də adım çəkildi. Mövzu övladlığa uşaq götürən sənətçilərlə bağlı idi. Mən şoka düşdüm ki, İlhamə Quliyevadan, Məleykə Əsədovadan sonra mənim adımı çəkdilər. Haqqımda dedilər ki, Nisə Qasımovanın övladlığa götürdüyü Fətullahın cinsi azlıqların nümayəndəsindəndir. Bu, nə sözdür, nə təhqirdir?! Mən və ailəm, xüsusiylə oğlum möhkəm təhqir olunub. Birincisi orada deyilir 28 yaşı var, bu yalandır. İkincisi oğlum Fətullah hacıdır, məşədidir, kərbəlayıdır. Özü də oğlum müasir, dünyəvi şəxsdir. Oğlum İslama demokratik yanaşır. Sizin nə haqqınız var ki, oğlum haqqında belə fikirlər səsləndirirsiniz? Bunu araşdırmaq, soraqlamaq lazım deyilmi? Az olubmu ki, sizin "quş"larınıza görə, sizə töhmət veriblər. Bu da həmin "quş"lardan biri. Mən respublikanın Xalq artisti, Prezident təqaüdçüsü olaraq, bu məsələyə qəzəblənmişəm.

Deyirlər ki, Fətullahı oğulluğa götürmüşəm. Əsla, belə deyil. O, dünyaya gələndən mənim qucağımda böyüyüb. Fətullah yanımda qalır. Amma ona görə yox ki, oğulluğa götürmüşəm. O, uşaq vaxtı bilirdi ki, böyüyəcək və mənə arxa-dayaq olacaq. Necə ki, bu gün mənə arxa-dayaqdır.

Mən "Xoş vaxt olun" verilişindən əsəbi şəkildə getdim. Düzdür, onun səbəblərini açıqlamamışam. Amma vaxt gələcək, onun səbəblərini açıqlayacağam. Bu gün çox tezdir. Təhqirə layiq olanı, təhqir edərlər. Amma reytinq xatirinə təhqirə layiq olmayan şəxs haqqında belə fikirlər səsləndirmək düzgün deyil. Mən oğlumdan utanıram".

N.Qasımova verilişi izlədikdən sonra telekanal rəhbərliyinə zəng etdiyini, amma zənglərinin cavabsız qaldığına görə, təəssüf hissi keçirdiyini deyib.

Xalq artisti telekanalı məhkəməyə verməklə xəbərdarlıq edib: "Verilişdən sonra dərhal telekanal rəhbərlərindən olan Mir Şahin müəllimə zəng etdim, amma o, zənglərimə cavab vermədi. Əlacım kəsildi, ANS-də çalışanlardan biriylə əlaqə saxlayıb, ünsiyyət qurdum. Əsəbdən özüm danışa bilmədim. Rəfiqəmə dedim ki, o danışsın. Həmin şəxsə desin ki, Nisə xanım sizə xəbərdarlıq edir. Verilişlərin birinə çıxıb təkzib versinlər ki, bu yanlış bir xəbərdir. Bunu oğlum eşitsin. Həftənin bazar ertəsi və çərşənbə axşamına qədər gözləyəcəyəm. Əks halda, mən ANS-i məhkəməylə xəbərdarlıq edirəm".

Xalq artisti bu günə qədər mətbuatdan uzaq olmasının səbəblərinə aydınlıq gətirib: "Hamınız bilirsiniz ki, mən mətbuatdan qaçmışam. Jurnalist müğənni ilə müsahibə aparırsa, gərək, müğənninin danışmağa sözü olsun. Mənim sözüm olmadığı halda, yalandan gündəmdə niyə qalmalıyam? Biabırçı şəkillərlə, müsahibələrlə niyə görsənməliyəm? Bunların məsuliyyətini əvvəlcədən duyduğum üçün mətbuatdan qaçıram".

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description