Nazpəri Dostəliyeva jurnalistləri bir yerə yığır: “Qoy aydınlıq gətirsinlər”

Xalq artisti Nazpəri Dostəliyeva bu həftə mətbuat konfransı keçirəcək.


Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. O, qeyd edib ki, mətbuat nümayəndələri ilə görüşdə televiziya rəhbərləri tərəfindən ona qoyulan efir qadağası müzakirə olunacaq: "Televiziya rəhbərləri bu məsələyə münasibətini bildirməlidir. Mənimlə bağlı heç bir kanala rəsmi tapşırıq gəlməyib. Məsələ ilə bağlı heç kimə müraciət etməmişəm. Amma bir fakt deyəcəyəm. Mənim "Lider" kanalında hazır verilişim vardı. O verilişi birdən-birə dayandırdılar. Deyiblər ki, "Nazpəri Dostəliyevaya qadağa qoyulub". Səhəri AzTV-də mənim hazır verilişim yayımlanacaqdı. Həmin verilişi də dayandırdılar, vermədilər. Niyə? Bunlara aydınlıq gətirilməlidir".

N.Dostəliyeva vurğulayıb ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmək fikrindədir: "Çünki susub oturmaq da yaxşı deyil. Müraciət edib səbəbini bilmək lazımdır. Ziyalılarımız da bu suala cavab tapmalıdır. Hər kəs bilir ki, Nazpəri Dostəliyeva sadiq qul tək öz torpağını sevən sənətkar kimi tanınır. İndi nə oldu? Mən hər zaman Prezidentimi sevmişəm. Dövlətimə, xalqıma canım qədər sevgimlə xidmət etmişəm. Amma bu efir qadağasının səbəbini bilmək istəyirəm".

Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyeva ANS televiziyasından başqa bütün kanalların ona efir qadağası qoyduğunu açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az