Səməd Seyidov AŞPA-nın sessiyasına niyə getməyib? - Açıqlama

“Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasında iştirak etməməsi yalnız bir sessiya üçün nəzərdə tutulmuşdu. Bildiyim qədər səhhətilə bağlı problem var, ona görə iclaslarda iştirak etməyib. Çox güman ki, növbəti sessiyalarda nümayəndə heyətinin rəbəri kimi iştirak edəcək”.


Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, Səməd Seyidovun səhhətilə bağlı problem olduğu üçün nümayəndə heyətinə müvəqqəti olaraq yeni deputat Vüsal Hüseynzadə rəhbərlik edib.

"Səməd Seyidov kifayət qədər təcrübəli, Avropa mühitini yaxşı tanıyan və çox hazırlıqlı, savadlı rəhbərdir. Hesab edirəm ki, onun təcrübəsinə orada hələ ehtiyac var. Bu baxımdan da güman etmirəm ki, nümayəndə heyətinin tərkibindən çıxarılsın və ya rəhbərliyindən uzaqlaşdırılsın. Çox güman ki,səhhətində problemlər ortadan qalxan kimi sessiyalarda iştirak edəcək".

Fazil Mustafa Səməd Seyidovun AŞPA-ya yazdığı məktubla əlaqədar rəhbərlikdən çıxarılması haqda iddiaları təkzib edib.

"Ümumiyyətlə, bu cür məktublar ümumu diplomatik qaydalar çərçivəsində yazılır, o da təcrübəli insandır. Hesab etmirəm ki, o, diplomatik qaydalardan çıxa biləcək mətn göndərsin".

Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması" məruzəsinin qəbul edilməməsinə gəlincə, Fazil Mustafa bildirib ki, Avropa ölkələri birləşərək bu məsələyə mane oldular.

"Bunu Azərbaycan mediasında bizim Avropa Şurasında uğursuzluğumuz kimi səsləndərində onların propblemi başa düşmədikləri ortaya çıxır. İlk dəfədir Avropa Şurasında Azərbaycanın ən mükəmməl sənədi qəbul olunub. Bu günə qədər nə BMT, nə bir çox başqa yerlərdə Ermənistanı işğalçı dövlət kimi ittiham edən sənəd olmayıb. İlk dəfədir ki, Ermənistanı işğalçı dövlət kimi göstərən sənəd qəbul olunub.

Bu çox böyük uğurdur. Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın məğlubiyyəti kimi göstərmək cahillikdir, problemi bilməkdədir və bu haqda təsəvvürü olmamaqdır.
Həmçinin bu sessiyada Avropa Şurası tarixində bir azərbaycanlı xanım, Sahibə Qafarova Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilib. Bu cür uğurları bir kənara qoyub hər kəs bildi-bilmədi nümayəndə heyətini qaralamaqla məşğuldurlar. Səməd Seyidov orada iştirak etməməsi o demək deyil ki, onu çıxardılar. Bunu şişirtməyin mənasını da görmürəm. Hesab edirəm ki, bu məsələlər təhrif olunmuş şəkildə veriləndə Azərbaycanın nüfuzuna zərbə vurulur. Tam məsuliyyətlə deyirəm ki, bu sessiyasda Azərbaycan qazanmdığı ən böyük uğurları əldə edib. Kim bunun əksini iddia edirsə, istənilən debatda yanlış düşündüyünü ortaya qoya bilərəm", - deyə deputat vurğulayıb.

Modern.az