Azərbaycanla ABŞ arasında - “Açıq Səma Sazişi” imzalandı

Aprelin 6-da Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava nəqlıyyatı haqqında” Saziş imzalanıb.


İki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi"ni ("Open Skies Agreement") "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.

Sənədin imzalanmasını Azərbaycan mülki aviasiyası tarixində önəmli hadisə adlandıran Cahangir Əsgərov bildirib ki, sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək, Azərbaycan Respublikasına və Amerika Birləşmiş Ştatlarına məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.

"Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublika mülki aviasiyasının inkişafına hər zaman diqqət yetirir. Onun daimi qayğı və dəstəyinin nəticəsi olaraq hava gəmiləri parkımız tamamilə yenilənib: A-319, A-320, A-340, B-767, Embraer və Boing-787-"Dreamliner" tipli ən müasir təyyarələr alınıb. Bütün bunlar bizə uzaqməsafəli uçuşlara nəzər yetirməyə imkan yaradıb", - deyə AZAL-ın prezidenti qeyd edib.

"Azərbaycan Hava Yolları" tərəfindən Nyu-Yorka müntəzəm uçuşların 2014-cü il sentyabrın 23-dən həyata keçirildiyini xatırladan C.Əsgərov bildirib ki, bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənib və Azərbaycana Aviasiya təhlükəsizliyi üzrə "1-ci Kateqoriya" verilib. "Bunun nəticəsi olaraq biz bu gün "Açıq Səma" Sazişini imzaladıq", - deyə Cahangir Əsgərov vurğulayıb.

İmzalama mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sazişi ölkələr arasında əlaqələrin irəliləməsi üçün çox vacib sənəd adlandırıb: "Bu imzalanma Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən sonra baş verir. Saziş ölkələrimiz arasında əlaqələrdə irəliyə doğru atılmış çox vacib sənəddir. O, ABŞ-la Azərbaycan arasında bir körpü yaradacaq".

İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.

"Açıq Səma Sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət müəyyənləşdirmə siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.

Azərtac.az