Elnur Aslanov: “Azərbaycana gələn qonaqlara yalan məlumatlar verilir” - MÜSAHİBƏ


Azərbaycanın Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov AzNews.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Bu ayın əvvəllərində Bakıda beynəlxalq internet idarəçiliyi forumu keçirildi və Azərbaycan hökuməti bu sahədə də ciddi uğurlara nail olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ümumiyyətlə, Azərbaycanda internet azadlığı nə səviyyədə qorunur?

- İnternet azadlığı dedikdə, buraya Kütləvi İnformasiya Vasitələrinin, müstəqil blogerlər və digər şəxslərin, o cümlədən Azərbaycan vətəndaşlarının sərbəst internet fəaliyyətinin təmin olunması daxildir. Azərbaycanda bütün bunlar üçün tam şərait yaradılıb. Əhalinin 65 faizi internetdən rahat şəkildə istifadə edə bilir, ölkədə internet tarifləri əksər keçmiş Sovet İttifaqı ölkələrindən çox aşağıdır və dünya standartlarına uyğundur. Azərbaycanda gənc nəslin internetdən istifadə faiz göstəricisi çox yuxarıdır. Ölkə əhalisinin təqribən 60 faizini gənclər təşkil edir. Hazırda internet həmin gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bundan əlavə, Azərbaycanda mobil internet də sürətlə inkişaf edir. Ölkədə mobil internetin tarifləri ildən-ilə aşağı endirilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti ölkədə internetdən istifadənin daimi inkişafında maraqlıdır və bunun üçün bütün şərait yaradılıb və yaradılmaqda davam edəcək.

- Həmin forumda Avropa İttifaqının vitse-prezidenti Neelie Kroesin də iştirak edib və forum başa çatandan sonra gündəmə belə bir məsələ çıxarıldı ki, guya, xanım Kroesinin kompüterinə hər hansı müdaxilə olub. Bu məsələyə sizin də münasibətinizi öyrənmək maraqlı olardı....

- Bəzi qüvvələrin Azərbaycanda internet azadlığı barədə söylədikləri subyektiv fikirlərdir. Burada məqsəd isə Azərbaycan dövlətinin imicinə və bölgədə tutduğu lider mövqeyə xələl gətirməkdir. Təəssüflər olsun ki, bu cür qüvvələr hazırda Azərbaycan daxilində də mövcuddur. Həmin qüvvələr Azərbaycana səfər edən qonaqları yalan informasiyalarla məlumatlandırmağa çalışır və xarici nümayəndələrdə Azərbaycana qarşı müəyyən mənfi fikirlər yaratmağa çalışırlar.

Artıq Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı öz mövqeyini bəyan edib. Bu cür məlumatlar tamamilə yalan və həqiqətə uyğun olmayan informasiyalardır. Əgər bu cür hallara hansısa qüvvələr cəhd ediblərsə, o zaman Azərbaycan hakimiyyəti və aidiyyəti dövlət qurumları bunun dərhal araşdırılmasına tam hazırdırlar. Artıq bu məsələ ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov də öz fikrini bildirib.

- Ermənistan prezidenti Serj Sarkisyan son günlər "Azərbaycan müharibəyə hazırlaşır" kimi bəyanatlar səsləndirir. Sizcə, bu nədən irəli gəlir?

- Hazırda Ermənistan bütövlükdə hərbiləşir. Bu ölkənin hərbi büdcəsi ilə Azərbaycanın hərbi büdcəsinin faiz nisbəti kəskin fərqlilik təşkil edir. Yəni, Ermənistan hakimiyyəti bilavasitə ölkəni hərbiləşdirir. Məsələn, 2012-ci ildə Ermənistanın büdcəsinin məxaric hissəsi 2,2 mlrd. dollar təşkil etdiyi vaxtda, 2012-ci il üçün Ermənistan büdcəsinin kəsiri 326,5 mln. dollara bərabər olacaq (büdcənin təxminən 14,5%-i). Hərbi xərclər isə məxaric hissənin 17 faizdən çoxunu təşkil edir. Amma bu il Azərbaycanda analoji nisbət 8,1 faiz təşkil edib.

2013-cü il üçün planlara uyğun olaraq, Ermənistan 450 mln. dollar məbləğində hərbi xərclər planlaşdırır ki, bu da dövlət büdcəsinin məxaric hissəsinin 16 faizdən çoxdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2013-cü ildə Azərbaycanda müvafiq nisbət (hərbi xərclərin büdcənin məxaric hissəsinə nisbəti) cəmi 7,7 faiz təşkil edəcək. Bu Ermənistanın yüksək hərbiləşmə səviyyəsinə parlaq sübutdur.

Eyni zamanda, Ermənistan öz hərbi ritorikası ilə bölgədə və ölkə içində status-kvonun saxlanılması üçün istifadə edir. Hazırda da Ermənistan öz işğalçılıq siyasətini Xocalı hava limanının açılmasını gündəmə gətirməklə bir daha nümayiş etdirir. Ermənistanı uçuruma sürükləyən ölkə rəhbərliyi bilavasitə daxili siyasət ambisiyalarını həyata keçirmək və bölgədə qarşıdurma vəziyyətini saxlamaq üçün bu cür addımlar atır. Lakin, artıq dünya birliyi, dünyanın aparıcı "beyin mərkəzləri", beynəlxalq təşkilatlar və dövlətlər yaxşı anlayırlar ki, Ermənistanın yürütdüyü siyasət bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına deyil, əksinə bölgədə gərginliyin artmasına və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tutduğu mövqelərin saxlanılmasına yönəlib.

Vasif Həsənli

AzNews.az