Bəxtiyar Hacıyevdən millət vəkilinə cavab

“Orta statistik universitet tələbəsinin iş tapması həddindən artıq problemdir”



"Gəncləri tənbəllikdə günahlandırmaq ciddi ittihamdır". Bunu AzNews.az-a gənc fəal Bəxtiyar Hacıyev millət vəkili Hadı Rəcəblinin çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, 4 il bakalavr, 2 il magistratura təhsili alan gənclərə dövlət orqanında 200-300 manat pul verilir: "Həmin gənc də Azərbaycanın hansısa bölgəsindən gəlibsə, bu maaş onun kirayə pulunu verməyə çatmır. Buna iş demək olmaz. Dövlət qurumları gəncləri yüksək əmək haqqı ilə təmin etsə, sosial müavinətlər yüksək olsa, inanmıram ki, həmin gənclərin tənbəllik hissləri onların işləmək hisslərindən üstün olsun. "Gənclər tənbəllik edir" demək ciddi ittihamdır. İş yerləri ilə iş axtaranlar arasında bazar münasibətləri olsaydı, bunlar bir-birlərini tənzimləyərdi. İndiki halda gənclərin işsizlikdən şikayəti o deməkdir ki, şərtlər qaneedici deyil".

B.Hacıyevin sözlərinə görə, işsizlik bəzən təhsil sistemindən qaynaqlanır: "Orta statistik universitet tələbəsinin iş tapması həddindən artıq problemdir. Bu da bəzən təhsil sistemindən qaynaqlanır. İnkişaf etmiş ölkələrin universitetlərində tələbələrə iş təcrübəsi imkanı verilir. Bizdə isə tələbələrə tibb sahəsində, jurnalistika sahəsində universitetlər məhdud çərçivədə təcrübə verir. Belə olan halda da iş tapmaq çətin olur".

Qeyd edək ki, Bu gün "Kreativ Gənclər Şəbəkəsi" layihəsinin yekun mərhələsi olan "Respublika Kreativ Gənclər Forumu"unda çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli gəncləri narahat edən işsizlik probleminə toxunub: "Azərbaycanda gənclər ən çox işsizlik probleminin olduğunu qeyd edirlər. Deyərdim ki, ölkəmizdə iş yeri çoxdur, sadəcə, gənclərimiz tənbəldirlər. Onlar işləmək istəmirlər".

İlkin
AzNews.az