Niderland dövlət televiziyasında Qarabağ yalanı

"Noyabrın 11-də "Niderland-3" dövlət televiziya kanalının BNN proqramının səyahətdən bəhs edən "3 op Reis" verilişində niderlandlı jurnalist Patrik Ladiers heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"na yeni səyahət marşrutunun olması barədə tamaşaçılara məlumat verib.

Hətta qondarma qurumu ayrıca bayrağı, ərazisi olan suveren "dövlət" kimi təqdim etməkdən çəkinməyib, Dağlıq Qarabağa səyahət etmək arzusunda olanlara viza üçün Ermənistanın Niderland Krallığındakı səfirliyinə müraciət etməyi tövsiyə edib". Bu barədə APA-ya mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, BAK əsl həqiqəti əks etdirməyən, ermənilərin yalan və bədnam iftiralarına uyan hollandiyalı jurnalistin hazırladığı verilişlə bağlı BNN kanalına rəsmi müraciət edib. Qurumun sədri Sahil Qasımovun imzaladığı müraciətdə qeyd olunub ki, səyahətlə bağlı "3 op Reis" verilişinin siyasiləşdirilməsini, faktı dəqiqləşdirmədən belə səthi verilişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən xəbəri olmayan hollandlara təqdim edən jurnalistin hərəkəti Benilüks məkanında yaşayan azərbaycanlıların və türk icmalarının ciddi narazılığına səbəb olub, onlar erməni saxtakarlığı əsasında araya gələn bu üzdəniraq verilişi qətiyyətlə pislədiklərini bəyan ediblər.

Müraciətdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal olunması, ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin atdığı addımlar, Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli ərazisi olması, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdıqları barədə geniş məlumat yer alıb.

Müraciətdə daha sonra bildirilib ki, öz peşəsinə səhlənkar yanaşan jurnalist məsələni ciddi araşdırmadan qeyri-dəqiq məlumata əsaslanan verilişi ortaya çıxarmaqla nəinki Azərbaycan xalqının hissiyyatına toxunub, eyni zamanda, həmvətənlərinə də yalan məlumat verməklə kanalı və orada çalışan həmkarlarını pis vəziyyətdə qoyub.

BAK BNN kanalının, jurnalistin Azərbaycan xalqından üzr istəməsini və verilişin internet saytından çıxarılmasını tələb edib. Konqres nümayəndələri gələcəkdə belə verilişlərin kanalda bir daha yer almayacağına ümidvar olduğunu da vurğulayıb.

AzNews.az