Partiya sədri: “Müxalifətin birləşməsi mümkün deyil”

Qulamhüseyin Əlibəyli: “Azərbaycanda fəaliyyət göstərməyən bir qurumun birdən-birə siyasi prosesləri ələ alması inandırıcı görünmür”



Aydınlar Partiyasının sədri Qulamhüseyin Əlibəylinin AzNews.az-a müsahibəsi:

- Sonuncu prezident seçkilərindəki debatlarda kəskin çıxışlarınızdan sonra aktivlik yoxdur. Bu səssizliyin səbəbi nədir?

- Hesab etmirəm ki, o dərəcədə səssizlik var. Hər halda aktiv olmasaq da, passiv də deyilik. Partiyanın rayon təşkilatlarının yenidən formalaşdırılması prosesi gedir. Qarşıdan prezident seçkiləri gəlir, ona hazırlıq məsələlərinin müzakirəsi aparılır. Eyni zamanda digər ictimai-siyasi təşkilatlarla əməkdaşlıq edirik. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının, Məşvərət Məclisinin təsis olunmasında və fəaliyyətində iştirak edirik. Həmin qurum qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər hazırlayıb. Onu mən təqdim etmişəm. Ola bilsin ki, bizim informasiya imkanlarımız məhduddur, böyük informasiya imkanlarına malikik. Hər halda tamam fəaliyyətsiz qaldığımızı düşünmürəm.

- Bizim müşahidə etdiyimiz odur ki, siz siyasi fəaliyyətdən çox ictimai fəaliyyətə üstünlük verirsiniz...

-Hər halda siyasi fəaliyyətlə yanaşı, hər bir kəsin öz peşəsi də var. Mən də öz peşəmə xəyanət etmək istəmirəm. Müəllim kimi fəaliyyətə başlamışam. Müəllimlik fəaliyyətimə də son qoymaq istəməmişəm. Bu baxımdan ola bilsin ki, bəzi hallarda mətbuatdan uzaq düşürük, telefon zənglərinə də cavab verə bilmirik.

- Siyasətçi kimi müəllimlik fəaliyyətinizdə müşahidə etdikləriniz cəmiyyətimizin siyasi təfəkkürünün inkişaf etdiyini iddia etməyə əsas verirmi?

-Müəyyən qədər inkişaf meylləri cəmiyyətin öz daxilində görünür. Amma hesab edirəm ki, bu arzuolunan həddə deyil. Müasir dövrdə ən çox təmasda olduğum gənclikdir, gəncliyin isə aktiv siyasi fəaliyyətə meylliliyi çox azdır. Çox az adama rast gələrəm ki, aktiv siyasi fəaliyyətə həvəs göstərir. Əksəriyyəti müəyyən karyera qurmaq, müəyyən dövlət vəzifələrində iştiraka üstünlük verir, nəinki siyasi fəaliyyətə. Bu da cəmiyyətdə formalaşmış siyasi mühitlə bağlı olan məsələdir. Ona görə ki, siyasi fəaliyyət azadlığı xeyli məhdudlaşdırılıb. Gənclərimiz də bunu görürlər. Ola bilsin bu da onların siyasi fəaliyyətə meyllənməsində xüsusi rol oynayır.

- Bəlkə müxalifət gəncləri öz sıralarına cəlb edə, arxasınca aparma təbliğatının mexanizmini qura bilmir?

-Müxalifətin gənclərə təsir imkanları olduqca zəifdir. O mənada zəifdir ki müxalifət bir çox hallarda gəncliklə siyasi yöndə təmas qurmaq, əlaqə yaratmaq imkanına malik deyil. Konkret olaraq mən universitetdə dərs deyirəm və çalışıram ki, daha çox ixtisasıma aid fəaliyyət göstərim. Bu mənada deyirəm ki, müxalifətin hamısının gəncliyə təsiri zəifləyib. Amma gənclərin müxalifət partiyalarına maraq göstərmədiklərini tamamilə iddia etmək də olmaz. Son dövrlərdə gənclərin müəyyən təşəbbüslərlə çıxış etməsi, kütləvi aksiyalara təşəbbüs göstərmələrini gəncliyin tam itirilməməsi qənaətini yaradır. Müxalifətə gənclər yenə də gəlir, amma onu da iddia edə bilmərəm ki, bu proses XX əsrin son oniliklərindəki kimidir. Çünki 20 il əvvəl gənclərin birdən-birə siyasi proseslərə güclü axını başlamışdı.

- Bəlkə bütövlükdə cəmiyyətin siyasi proseslərə biganəlik göstərməsini müxalifətin fəaliyyətsizliyində axtarmaq daha düzgün olardı?

-Mən məsələyə bir az əksinə yanaşardım. Bu bir tərəfdən hakimiyyətin fəaliyyətinin nəticəsidir, digər tərəfdən də siyasi müxalifətin səhnədən sıxışdırılıb çıxarılması, təqiblərə, təzyiqlərə məruz qalması, əsassız olaraq tez-tez tutulması, döyülməsi, hüquqlarının xeyli məhdudlaşdırılması istər-istəməz təsirsiz ötüşmür. İnsanlar perspektiv görmürsə, yalnız döyülmək, söyülmək görürsə, təhqir görürsə təbii ki, müxalifətə böyük axın da olmayacaq. Hesab edirəm ki, müxalifətin, bütövlükdə cəmiyyətin siyasi proseslərə bu qədər biganəliyi hakimiyyətin zor gücünə belə bir vəziyyəti formalaşdırmasının nəticəsidir.

- 2013-cü il prezident seçkilərində iştirakınız barədə artıq qərar var və bu hansı formada olacaq?

-Biz seçkilərdə iştirakın tərəfdarıyıq. Amma seçki kampaniyası başlamadığından namizəd məsələsini hələlik müzakirə etməmişik. İştirakın hansı formada olduğuna gəlincə, biz təkbaşına bu seçkiyə getməyin tərəfdarıyıq. Amma digər seçimləri də istisna etmirik. Yəni hansısa blokun tərkibində olmaq, yaxud da hansısa bloka qoşulmaq da müzakirə oluna bilər. Lakin bu gün bu məsələ gündəmdə deyil. Ona görə də təkbaşına iştirakla bağlı olaraq partiyanın rayon təşkilatlarında işini bu istiqamətdə qurmağa çalışır.

- Qulamhüseyin bəy, seçki öncəsi vəziyyətlə müqayisə etsək, deyə bilərik ki, bu dəfə müxalifət düşərgəsində o dərəcədə gərgin mübarizlik müşahidə olunmur...

-Bu da hakimiyyətin yeritdiyi siyasətin nəticəsidir. Cəmiyyətdə seçkiyə münasibət də dəyişir, inam da azalır. O cümlədən də müxalifət qüvvələri daxilində seçkilərə inam azalıb. Müxalifətin seçkini boykot etməsi də bununla bağlıdır. Amma hesab edirəm ki, siyasi partiyalar bütün hallarda seçkidə iştirak etməlidir. Seçkidə iştirak cəmiyyət, insanlarla əlaqənin leqal formasıdır. Müxalifətin missiyası da seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Qalib gələcəyinə inam olmasa da, seçkidə iştirakı vacib sayıram.

- Müxalifətin seçkidə birgə iştirakına mane olan nədir, niyə birgə mübarizə yolu tapılmır?

-Bu müxalifətin daxilindəki problemlərlə bağlıdır. Müxalifət liderləri daha çox şəxsi bir-birini qəbuletməmək prinsipinə üstünlük verirlər. Bir çox hallarda hesab edirlər ki, müxalifətin yeganə təmsilçiləri yalnız onlar olmalıdır. Başqa partiyaları nədəsə günahlandırırlar. Bu da istər - istəməz müxalifət partiya rəhbərləri arasında bir-birinə uyğunsuzluq sindromu yaradıb. Ona görə də hansısa məsələdə razılıq olsa da, onun nəticəsi olmur. Bu mənada hesab edirəm ki, bunun günahını müxalifətin özündə axtarmaq lazım gəlir. Bəlkə də yeganə haldır ki, bu məsələdə mən hakimiyyəti deyil, müxalifəti günahlandırardım. Bütövlükdə müxalifət partiyalarının liderləri özlərini vahid namizəd görürlər. Belə olan halda da müxalifətin birliyə gəlməsi müvəqqəti xarakter daşıya bilər. Məhz prezident seçkilərində bütün müxalifəti əhatə edəcək bir birliyin yaranmasını mümkün hesab etmirəm.

- Yəni müxalifətin bir-birini həzm edə bilməməsi eyni qüvvənin uzun müddət hakimiyyətdə qalmasına imkan yaradır.

- Faktiki olaraq bu, hakimiyyətin xeyrinə işləyir. Amma mən deməzdim ki, hakimiyyətin qalib gəlməsinin yeganə səbəbi budur. Hesab edirəm ki, hakimiyyət seçkidə qalib gəlmir, sadəcə nəticəni öz istədiyi kimi yazır.

- Moskvada yaranan ittifaqa sizin münasibətiniz necədir?

- Bu ittifaq barəsində mənim məlumatım çox azdır. Onların hansısa fəaliyyəti görünmədiyindən onlar barəsində fikir səsləndirməkdə çətinlik çəkirəm. Özləri elan etdikləri kimi diaspor təşkilatı kimi fəaliyyət göstərsələr, onlara müsbət yanaşmaq olar. Siyasi fəaliyyətə müdaxilə edəcəkləri təqdirdə isə yalnız onların siyasi mövqeyindən asılı olaraq fəaliyyətlərini qiymətləndirmək lazım gələcək.

- Qurumla bağlı məlumatsız olduğunuzu deyirsiniz, amma həmin qüvvələrin sizin rəhbərlik etdiyiniz təşkilata "stafka" edəcəkləri bildirilir...

-Birinci dəfədir mən bu barədə eşidirəm. Təbii ki, hər bir partiya istəyər ki, onun əhatə dairəsi genişlənsin. Amma onların bizim partiya ilə bağlı hər hansı bir rəsmi müraciəti olmayıb. Əgər belə bir təklif olarsa, onda baxıb dəyərləndirmək olar.

- Onların üçüncü qüvvəyə çevrilməsi və Azərbaycanda siyasi prosesləri ələ alması ehtimalının doğrulması mümkündür?

- Mən hesab etmirəm ki, onlar ölkədəki siyasi proseslərə birmənalı şəkildə qoşulub ona rəhbərlik imkanında olsunlar. Hər halda Azərbaycanda fəaliyyət göstərməyən bir qurumun birdən-birə siyasi prosesləri ələ alması inandırıcı görünmür.

Gültəkin Qəhrəmanlı
AzNews.az