Türkiyədə Silahlı Qüvvələrin çevrilişə cəhd göstərməsinin ardınca baş verənlər haqda müxtəlif versiyalar səsləndirilir. Türkiyədə Silahlı Qüvvələrin çevrilişə cəhd göstərməsinin ardınca baş verənlər haqda müxtəlif versiyalar səsləndirilir.

Qiyamı kim planlaşdırmışdı? - “...xalqa atəş açmalıydılar”

Türkiyədə Silahlı Qüvvələrin çevrilişə cəhd göstərməsinin ardınca baş verənlər haqda müxtəlif versiyalar səsləndirilir.


Bəziləri hadisənin xarici qüvvələr tərəfindən planlaşdırıldığını iddia edir. Bildirilir ki, guya, Amerika və xalq Türkiyənin Rusiyadan üzr istəməsini həzm edə bilməyib, bu səbəbdən də qiyama əl atıb.

Bir qrup isə qiyamın məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən planlaşdırıldığı iddialarını səsləndirir. Guya, Ərdoğan prezident üsul-idarəsinə keçidə zəmin yaratmaq üçün orduya xususi gizli tapşırıq verib.

Doğrudanmı Türkiyənin siyasi elitası 80 milyonluq xalqla bu qədər ciddi oyun oynaya bilər? Əgər həqiqətən də bu işin arxasında Ərdoğan dayanırsa, o, vəziyyətin ssenaridən kənara çıxa bilmə ehtimalını necə gözə ala bilərdi? Axı başqa qüvvələr vəziyyətin qarışmasından istifadə edib qiyama dəstək verə və Türkiyənin taleyini dəyişə bilərdi...

AzNews.az-ın əməkdaşı suallarla politoloq Qabil Hüseynliyə müraciət edib.

- Qabil müəllim, belə bir versiya var ki, qiyamı Ərdoğan özü planlaşdırıb...

- Mən belə düşünmürəm. Kifayət qədər hazırlanmış, bəlli bir ssenari üzrə gedən hərəkət idi. Ərdoğanın özü Ankaradan qaçıb Marmarisə getmişdi. Əlbəttə birmənalı bir fikir söyləmək çətindir. Amma onu deyə bilərəm ki, belə bir oyunun oynanılması Ərdoğanın imicinə ciddi xələl gətirən amillərdən olar. Əgər o, belə bir oyun oynayırsa, üstü açılacaq. Lakin mən güman etmirəm. Çünki ordunun bir çox komandanları da əsir və girov götürülüb. Ortada 90 ölü, yüzlərlə yaralı var. Qiyam hələ də tam dayandırılmayıb.

Bu, Türkiyə üçün həddən artıq pis hadisə idi. Türkiyənin taleyi ilə belə oyunlar oynanılırsa bu, çox riskli bir haldır, nəticəsi bəlli olmayan şeylərə gətirib çıxara bilər.

- Əgər oyun deyildisə, ciddi qiyam idisə, ordu hakimiyyəti ələ keçirmək istəyirdisə, niyə Ərdoğana qarşı çıxan türk müxalif liderlər bu fürsətdən yararlanmadılar? Əksinə, dəstək verdilər.

- Bilirsiniz, Türkiyə ağır bir vəiyyətdədir. Hazırda Türkiyənin turizm dövrüdür, kənd təssərüfatının məhsul dövrüdür, ölkə öz vəziyyətini yeni dirçəltməyə başlayır. Belə bir vəziyyətdə isə ara qarışır. Çevriliş cəhdinin reallaşması Türkiyənin bölünməsinə, ölkənin tamamilə məhv olmasına gətirib çıxara bilərdi. Kürdlər onu gözləyirdi ki, ara qarışsın. Bəllidir ki, Ərdoğan zorla prezident üsul-idarəsini təsdiqləməyə çalışır. Lakin qiyam Türkiyə kimi ölkənin qarşıda duran hədəflərini reallaşdırmasına ciddi maneə törədər.

Qaldı ki, dediyiniz o siyasi partiyaların liderləri məsələsinə, onlar hərbi çevrilişi dəstəkləsəydilər, biabırçılıq olardı. MHP və CHP liderləri hərbi çevrilişi pislədi, ona qarşı çıxdılar. Nəticədə xalq qalib gəldi, xalq olmasaydı, hərbi çevriliş baş tutardı.

- Ərdoğanın camaatı küçələrə çağırması sizcə doğru addım idi?

- Belə şəraitdə ən doğru addım xalqı küçələrə çağırmaqdır. Çünki ordu xalqa atəş aça bilməz.

- Amma açdı...

- O atəşlər müəyyən yerlədə açıldı. Bəlli deyil ki, atəş açılanlar xalqdan biri imiş, yoxsa yox. Düzdür, Ərdoğan xalqı çağırdı, yəqin ki, onun çağrışının müəyyən təsiri oldu. Amma onun çağırışından çox əvvəl xalq küçələrdə idi, ordu ilə mübarizə aparırdı.

- Vətəndaş müharibəsi də ola bilərdi. Elə deyilmi?

- Əlbəttə, vətəndaş müharibəsi də ola bilərdi. Lakin vətəndaş müharibəsi olması üçün ordunun 2 hissəyə parçalanması lazım idi. Ərdoğan tərəfdə isə yalnız polis olacaqdı. Bu hadisələr dərinləşdikcə xalqla ordu arasında çatışmaya da gətirib çıxara bilər.

- Qabil bəy, qiyamın başladığı ilk saatlarda əhali tankların üzərinə çıxırdı, əsgərləri tanklardan çıxarırdı, lakin onlara heç nə etmirdi.

- Çünki əsgər də xalqın öz balalasıdır, canı canından, qanı qanından... Əhali əsgərə deyirdi "etmə oğul, yanlış hərəkət edirsən", o da inanırdı, geri çəkilirdi.

- Amma sonradan camaat aqressivləşdi. Öz əsgərinə qarşı olmazın qəddarlıqlar etdi...

- Əsgərlər əsas körpüləri bağlamışdılar, ölənlər də körpülərin üzərində oldu. Amma əsgər əvvəl havaya atəş açırdı. Sonradan adamların üzərinə atəş açdılar.

- Əgər bu, həqiqi qiyam idisə, niyə əsgər bu qədər tez geri çəkildi? Axı qiyamçılar geri çəkilməklə Ərdoğanın qalib gələcəyini, cəzalarının isə ən ağır şəkildə veriləcəyini bilirdilər...

- Geri çəkilməsəydilər, xalqa atəş açılmalı idilər. Ortada xalq var idi. Mənə elə gəlir onlar radikal yolu seçmədilər. 70-ci illər olsaydı, camaatı gülləboran edərdilər. Amma indi Türkiyə çox inkişaf edib, dəyişib. Mədəniyyət var, siyası şüur var. Lakin heç ordu da o qədər tez geri çəkilmədi. 6 saatdan çox qarşıdurma oldu, hətta lokal döyüşlər də qeydə alındı. Atışma səsləri elə indi də gəlir.

Nigar ETİBAR
AzNews.az