Əllərinin qanını ətəyimizə silənlər


23-cü "20 yanvar" tarixi də beləcə tarixə qovuşdu. Qara haşiyəli qırmızı tarix... Qırmızı imperiya qızara-qızara qanlı izi ilə təqvimimizdən ötüb keçməkdə, biz isə hələ də şəhidlərimizin al qanının yerdə qalmayacağına inanmaqdayıq.

Bizimki elə çığırıb-bağırmaqdan gəlib. Var gücümüzlə qışqırmağı, pafosu, ah-naləmizi ərşə qaldırmağı, səsli-qışqırıqlı-ah-naləli şeirlər, mərsiyələr yazmağı bacarırıq. Nə hay-həşirlə, nə də sakit bir şəkildə haqqımızı tələb etməyin yolunu tapa bilmədik. 23 il öncə bu qədər insanı qanına qəltan edənlər əllərinin qanını ətəyimizə silib sakitcə öz həyatlarını yaşayırlar. Heç "gözün üstündə qaşın var" deyənləri də yoxdu. Əvəzində hər il yanvarın 20-də şəhidlərimizin məzarını qırmızı qərənfillərlə, bir dəqiqəlik sükutla yad etməklə bu tarixi yola veririk. Yollar isə uzundu... Çox uzun... Bizim taleyimizlə elə bu "sükutlar" oynamadımı? İli sükutla başa vurub, yekun nəticəni bölüb-çıxıb "bir dəqiqəliyə" endirərik. Vəssalam. Bir də növbəti gündən başlayar bu sükutumuz. Ta ki düz bir il tamam olanadək başımızı aşağı salıb sükutumuza qərq olarıq.

***

20 yanvar bizim qəhrəmanlıq tariximizdi. O zamanların gəncləri şir ürəyi yemişdilər. Qorxmurdular. Müstəmləkəçiliyin əsarətinin üstünə yeriyərək qanları hesabına bütöv bir dövləti, milləti imperiyanın əsarətindən azad etdilər. O vaxt xalqımızın bir dərdi vardı: azadlıq. İndi xalqın min bir dərdi var: çörək, yurd-yuva, hərbi xidmətdəki özbaşınalıqlar, yerlibazlıq, millətdən çapıb talanılan pullar hesabına harınlayan təbəqənin idarəçilik mexanizmi, ziyalı susqunluğu, ziyalı qorxaqlığı və s. O zaman fəhlədən tutmuş ziyalıya kimi hər kəsin bir evi vardı: Azadlıq meydanı. Bu gün yolpulu tapıb o meydanın yanındakı Milli Parka gedə bilməyənlər var. O zaman ziyalı söz deməyi bacarırdı, ziyalının sözü söz sayılırdı. Bu gün ziyalı özündən yuxarıdakılara tərifdən başqa heç nə deyə bilmir. Bu günün ziyalısı masabəyi funksiyasını yerinə yetirir. "Ağır taxtalı" kişilərin çoxu "yüngülsaqqal" olub. İnsanlar puldan ötrü hər şeydən keçməyə hazırdılar. O zaman isə yalnız azadlıqdan ötrü hər şeydən keçməyə müntəzir dayanırdılar. Yəni nə dövr o dövr deyil, nə də insanlar.
Sartr "Xalqın işi" jurnalı ilə böyük bir ideologiyaya imza atmışdı: qiyamçı gənclər bu jurnalın ideologiyasının təsiri altında Fransa Kommunist Partiyasının təsirindən xilas olmuşdular. Meydan hadisələri sartrların ideologiyasını kölgə altına salmaq qüdrətinə qadir oldu. Sonra necə oldu bizim həmin söz sahibləri? Gerisi məlumdur, xırdalamağa gərək yox...

***

Aradan 23 il keçib, hələ də "bu qan yerdə qalmayacaq" deyirik. Bu sözü ömür boyu deyəcəyik. Bu qanı tökənlər öz əcəli ilə öldükdən sonra da...

Qafqazinfo.az