“Ramil Usubov danışıqlarımızın qarantı idi; Bunların arxasinda sehirli əl - Ramiz Mehdiyev dayanır” “Ramil Usubov danışıqlarımızın qarantı idi; Bunların arxasinda sehirli əl - Ramiz Mehdiyev dayanır”

Elşad Abdulalyev yeni videomaterial yaydı - VİDEO

“Ramil Usubov danışıqlarımızın qarantı idi; Bunların arxasinda sehirli əl - Ramiz Mehdiyev dayanır”





Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev "Azadlıq"a yeni məktub göndərib. Məktubda o, yanvarın 19-da yaydığı yeni videogörüntüdən bəhs edir. Bildirir ki, bu video hazırda həbsdə olan Arzu Kazımovun "Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən istifadə edən ölüm eskadronunun – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın kassiri - pul alanı olmasının sübutudur".
Bu yerdə qeyd edək ki, E.Abdullayevin bu dəfə yaydığı vidoe 2 saatlıq olmaqla buna qədər yaydığı videolardan əhəmiyyətli dərəcədə böyükdür. Video yanvarın 19-da "Youtube" video-portalında Elshad Abdulla adına açılmış kanalda yayılıb, "Google+" sosial şəbəkəsində eyni adlı səhifədə, eləcə də, hazırda Fransada olan, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidlinin "Facebook" səhifəsində paylaşılıb. Amma bir neçə saatdan sonra video "Youtube" portalından silinmiş göstərilib. E.Abdullayev tərəfdən bunun izahatı belə verilib ki, kimlərsə videonun yerləşdirildiyi kanalın şifrəsi sındırıb və videonu silib.
Bununla belə, həmin videonu yerləşdirildiyi kanaldan silinənə qədər xaricdə yaşayan azərbaycanlı video-blogger Həbib Müntəzir köçürərək "Youtube"dakı öz kanalına yerləşdirə bilib və sonradan bunu yayıb. Ona görə də videonu sonrakı saatlarda da internet resurslarında tapmaq mümkün olub.

Elşad Abdullayev "Azadlıq"a göndərdiyi məktubda yazır ki, video qardaşı Mahir Abdullayevin oğrulanmasından 7 ay 1 gün sonra ABU-da, özünün iş otağında çəkilib (14 may 2004-cü ildə).

E.Abdullayev iddia edir ki, A.Kazımovun bu cinayət işində ləqəbi "metal alverçisi"dir, bu da kriminoloji dildə "adam oğurluğu alverçisi" deməkdir.
Keçmiş rektor yazır ki, videonu yaymaqda başlıca məqsədi Arzu Kazımovun və onun vəkili Ramiz Zeynalovun "cəmiyyəti caşdıran, həqiqətə uyğun olmayan ifadələr vermələri və fikirlər səsləndirmələridir".
E.Abdullayev məktubunda daha sonra yazır ki, Arzu Kazımovla tanışlıgı yalnız qardaşı Mahir Abdullayev oğurlandıqdan sonra Rövşanə Əliyevanın vasitəsi ilə olub. O vaxta qədər isə nə Arzu Kazımovu, nə də Rövşanə Əliyevanı tanıyıb. "Bizim aramızda mobil telefon danışıqları da Mahirin oğurlanmasından sonra başlayıb. Bunu Müstəqil İstintaq Komissiyasının (MİK) araşdırması problem deyil", - deyə keçmiş rektor yazır.

E.Abdullayev qeyd edir ki, qardaşının azad edilməsi üçün ondan istənilən pulu Arzu Kazımova yalnız telefonda qardaşına işgəncə verildiyini duyduqdan və özünün təhdid olunmasından sonra verib. "Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun I müavini general-mayor Zahid Dünyamalıyev bizim danışıqlarımızın qarantı idi. Onlara inandıgıma görə Arzu Kazımova pul verdim. Mahir haqqında Zahid Dünyamalıyev həm Ramil Usubovla, həm də Ramiz Mehdiyevlə hökumət və mobil telefon vasitəsilə danışıqlar aparanda mən onun yanında olurdum və söhbətlərinə qulaq asırdım. O bu məsələdə şəffaf və konkret söhbət aparırdı.
Mənimlə Arzu Kazımov arasında baglanmış qanuni müqavilələr Mahirin geri qaytarılması ücün qanunsuz adam oğurluğu müqaviləsinə huquqi don geyindirmək məqsədi daşıyıb. Bizim aramızda faktiki, heç bir mənzil alqı-satqısı olmamışdır. Mən heç kimin, o cümlədən Təhsil Nazirliyinin rəhbərliyinin adına mənzil istəməmişəm. Mənim belə bir istəkdə olduğumu təsdiq edə biləcək heç bir sənəd yoxdur", - deyə keçmiş rektor yazır.

Arzu Kazımovun vəkili Ramiz Zeynalovun mətbuata açıqlamalarına toxunan Abdullayev yazır ki, vəkil bununla onu təhdid edir: "O, "Təzadlar" qəzetində böhtan ataraq məni susdurmaq ücün deyir ki, Elşad Abdullayev qardaşını özü oğurlayıb. Məhkəmədə aydın oldu ki, qanlı banda başçısı Hacı Məmmədov da zərərçəkmişi təhdid edərək "qardaşınızı özünüz oğurlamısınız" deyirdi. Məqsəd əsas cinayətkarı gizlətmək, zərərçəkmişin ailəsini susdurmaq olub. Vəkil Ramiz Zeynalov da zərərçəkmişi susdurmaq üçün böhtan ataraq deyir ki, qardaşınızın yerini deyin, gedim gətirim".

E.Abdullayev daha sonra yazır: "Bunların arxasinda ali dövlət təmsilcisi, sehirli əl - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayandıgı üçün dövlətin gücündən istifadə ilə, heç bir məsuliyyət hiss etmədən rahat şəkildə zərərcəkmişi təhdid edirlər. Belə hesab edirəm ki,
Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil təşkilat – ölüm eskadronu Azərbaycan prezidentinin sərəncamı ilə Baş Prokurorluq yanında yaradılan MİK-i də saymırlar, sehirli əlin tapşırıqlarını yerinə yetirirlər".

Videodakı söhbətlərə gəlincə, Arzu Kazımovla Elşad Abdullayev və onun qardaşı Mahir Abdullayevin qaynatası, "Şöhrət" ordeni almış əməkdar jurnalist Şamil Şahməmmədovun danışıqlarından ibarətdir. A.Kazımov həm M.Abdullayevin qayınatasını, həm də E.Abdullayevi inandırmağa çalışır ki, burada incə söhbətlər gedir: "Burda Mahirin sağlamlığından, həyatından söhbət gedir. Ehtiyatlı olmaq lazımdır. Ona xətər yetirilə bilər. Bu məsələləri qabartmaq olmaz. Söhbət Mahirin sağlamlığından gedir".

Mahir Abdullayevin qaynatası isə Arzu Kazımova inanmır və 7 aydır kürəkəninin gələcəyi ilə bağlı eşitdiyi vədlərin yerinə yetmədiyini deyir. Ş.Şahməmmədov A.Kazımovdan bu işə niyə qoşulduğunu soruşur. Həm E.Abdullayev, həm A.Kazımov dost olduqları üçün bir-birlərinə bu işdə qarşılıqlı yardım etdiklərini deyirlər.
M.Abdullayevin qayınatası kürəkəninin sağ olub-olmadığını dəqiqləşdirmək istəyir. A.Kazımov deyir ki, sağdır. Bunun haradan bilindiyini soruşanda isə Kazımov daxili işlər nazirinin keçmiş birinci müavini Zahid Dünyamalıyevə istinad edir.
Söhbətin bu yerində Şahməmmədov dövlət başçısı İlham Əliyevlə görüşə biləcəyini, bu məsələ ilə bağlı bütün detalları ona deyə biləcəyini söyləyir. A.Kazımov isə bu işin üstündə 3 nəfərin həbs edildiyini, dəfələrlə M.Abdullayevi axtarmaq üçün harasa getdiyini bildirir. Ş.Şahməmmədov onların yeganə səhvinin pulu əvvəldən vermək olduğunu deyir. Müzakirə zamanı tərəflər iddia edir ki, Z.Dünyamalıyev pul məsələsinə qarışmasa da, ümumən pul alınıb.

A.Kazımov iddia edir ki, DİN-in ilk gündən məqsədi problemi sülh yolu ilə həll etmək olub. Bu yerdə E.Abdullayev şübhə edir ki, bu məsələdə polisin də əli olub. A.Kazımov bu "kruq"un çətin olduğunu, E.Abdullayev isə ona cavab olaraq Z.Dünyamalıyevin girə bilməyəcəyi heç bir iş olmadığını deyir.


AzNews.az

P.S, Qeyd edək ki, bu video youtube.com saytında daha əvvəl yerləşdirilsə də sonradan kimlərsə tərəfindən pozulmuşdu