“Bir neçə şəxsin Lənkəran dindarları adından danışması və hansısa partiya rəhbərini şəhərimizə dəvət etməsi qəbuledilməzdir” “Bir neçə şəxsin Lənkəran dindarları adından danışması və hansısa partiya rəhbərini şəhərimizə dəvət etməsi qəbuledilməzdir”

Lənkəran dindarlarından İsa Qəmbərə “gəlmə” mesajı

“Bir neçə şəxsin Lənkəran dindarları adından danışması və hansısa partiya rəhbərini şəhərimizə dəvət etməsi qəbuledilməzdir”





Lənkəran dindarları Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvarın 13-də Lənkəran şəhərinə səfəri zamanı baş vermiş insident ilə bağlı birgə rəsmi bəyanat imzalayıblar. Dindarlar adından APA-ya təqdim olunan bəyanatda bildirilir ki, məlum olayda dindarların adının hallandırılması onlarda dərin təəssüf və narahatlıq hissi doğurur.

Bildirilir ki, Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan Lənkəran dindarlarını bu cür siyasi məsələlərə cəlb etmək cəhdləri yolverilməzdir: "Sürətlə inkişaf edən, bütün sahələrdə göstəricilərinə, o cümlədən iqtisadi gücünə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycanın uğurları hər bir ölkə vətəndaşı kimi biz dindarları da ürəkdən sevindirir. Təəssüf ki, gənc müstəqil dövlət olan və sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu inkişafın qarşısını almağa çalışan qüvvələr də var. Onlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən, hətta dinin və dindarların siyasiləşdirilməsi kimi yolverilməz metodlardan yararlanmağa çalışırlar".

Dindarlar bəyan edirlər ki, dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə zidd olduğu üçün belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə qınayırlar: "Bildiririk ki, dinin siyasiləşdirilməsinə çalışan şəxslər nə vətənpərvər siyasətçi, nə də sağlam ruhlu dindar ola bilər. Eyni zamanda bəyan edirik ki, heç bir dini icmanı təmsil etməyən, milli-mənəvi dəyərlərimizə və qanuna zidd əməllərinə görə dindarlar tərəfindən məscidlərdən uzaqlaşdırılan, xarici təsirin regionumuzda vasitəsi kimi tanınan, hazırladıqları müraciətə imzalarını qoymağa cəsarət etməyən bir neçə şəxsin Lənkəran dindarları adından danışması və hansısa siyasi partiyanın rəhbərini şəhərimizə dəvət etməsi qəbuledilməzdir. Lənkəranda fəaliyyət göstərən dini icmalar və onların on minlərlə təəssübkeşi müraciətin məlum siyasi partiya funksionerlərinin diqtəsi ilə yazıldığının açıq hiss edildiyini nəzərə alaraq, bunu cəmiyyətdə parçalanma yaratmaq cəhdi, siyasi mübarizədə çirkin vasitə kimi qiymətləndirir və bu cür halları qətiyyətlə pisləyir. Lənkəran dindarları dövlətimizin din sahəsinə qayğısını, insanların öz etiqadlarına uyğun yaşamaları üçün yaradılmış şəraiti yüksək qiymətləndirir və bu gün Azərbaycan dövlətçiliyinin iradəli irəliləyişinin rəmzi olan Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin inkişafına yönəlmiş fəaliyyətini dəstəkləyir".

Qeyd edək ki, məlum hadisədən sonra bir qrup yerli dindar İsa Qəmbərə müraciət edərək, onu yenidən Lənkərana səfər etməyə dəvət edib.

AzNews.az