Partiyalar dövlətin onlara ayırdığı pulu ala bilmir

"Siyasi partiyaların maliyyələşməsi üçün dövlət büdcəsindən ayrılan vəsait hələ partiyaların hesablarına keçirilməyib". Bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov da qeyd edib ki, vəsait hələ partiyanın bank hesabına köçürülməyib və pulu nə zaman alacaqları barədə də heç bir informasiyası yoxdur.
Xatırladaq ki, 2012-ci ildə qəbul edilmiş Azərbaycanda "Siyasi partiyalar haqqında" Qanuna görə, 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Parlamentdə 2013-cü ilin dövlət büdcəsinin müzakirələrindən sonra bu məbləğin üzərinə 500 min manat da əlavə edilib.Beləliklə də siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin həcmi bütövlükdə 2 milyon 500 min manata çatdırılıb.

Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.